Müstəqil Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilmişdir. Son illərdə ölkəmizdə həyatımızın bütün sahələrində sürətli inkişaf göz önündədir. Bu inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər əhalinin böyük razılığına səbəb olmuşdur. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının bu günkü səviyyəsi nəinki ölkə miqyasında, hətta beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
    Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə müsahibəmizin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Respublikada və Astara rayonunda son illərdə həyatımızın bütün sahələrində – sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, xüsusən kənd təsərrüfatının inkişafında qazanılan misilsiz nailiyyətlər və bu sahədə qarşıda duran vəzifələr və perspektivlər barədə ətraflı məlumat almaqdır.
    – Hörmətli Qəzənfər müəllim, son dövrdə müstəqil respublikamızın bütün bölgələrində sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar mühüm tədbirlərin həyata  keçirilməsinə ciddi diqqət yetirilir. Ölkə başçısı İlham Əliyev əhalinin maddi rifah halının daim yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməklə əməli fəaliyyəti ilə hər bir vətəndaşın Prezidenti olduğunu nümayiş etdirir. Son illər həyatımızın bütün sahələrində qazanılan uğurlar barədə oxuculara məlumat verməyinizi xahiş edirəm.
    – Dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. İqtisadiyyatımızın əsasını neft sənayesi təşkil etsə də, son illərin  inkişaf dinamikasının təhlili göstərir ki, qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. 2016-cı ildə əvvəlki il ilə müqayisədə qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Ötən il 485 məktəb əsaslı təmir edilmiş, 29 yeni məktəb binası inşa olunmuş, 41 xəstəxana tikilmiş və ya əsaslı təmir edilmiş, 100 mindən çox daimi iş yeri açılmışdır.
      Bütün bunlar dövlətin həyata keçirdiyi, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə olunan neft gəlirlərinin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi ilə səciyyələnən hərtərəfli inkişaf konsepsiyasının nəticəsidir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar ardıcıl olaraq qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası təkcə böyük şəhərlərin deyil, bütün bölgələrimizin yüksək inkişaf etməsinə şərait yaratmışdır. Dövlət başçısının bilavasitə təşəbbüsü ilə iri şəhər və regionlarda kiçik, orta, həmçinin böyük istehsal gücünə malik qeyri-neft sektoruna aid müəssisələr fəaliyyətə başlamışdır.
    2014-cü ilin “Sənaye ili” elan edilməsi və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi bu sahədə işlərin kompleks şəkildə, ardıcıllıqla aparılmasına təkan vermişdir.
   Sənayenin inkişafında mühüm mexanizmlərdən biri də sənaye parkları və sənaye məhəllələrinin yaradılmasıdır. Artıq, Sumqayıt, Mingəçevir, Qaradağ, Balaxanı və Pirallahıda sənaye parklarının, Neftçala və Masallıda isə sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilir. Hər bir sənaye parkında ölkəmizin tələbatının ödənilməsi və xarici dövlətlərə ixrac edilməsi üçün nəzərdə tutulan məhsulların istehsalını reallaşdıran bir neçə müasir tipli iri müəssisənin – zavod və fabriklərin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
  Sənaye park və zonalarının yaradılması iri şəhərlərimizin iqtisadi potensialını gücləndirəcək, on minlərlə yeni iş yerləri yaradılacaq, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunu artıracaq, onların rifah halını yüksəldəcəkdir. Bununla yanaşı bu sahədə görülmüş işlər ölkəmizə böyük xeyir gətirəcək, Azərbaycanın qeyri-neft məhsullarının ixracının daha da artırılmasına imkan yaradacaqdır.
    Qeyri-neft sektorunun inkişaf etdirilməsi xətti mənzil tikintisi sahəsinin də  canlanmasına təkan vermişdir. Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesi belə layihələrdən biridir. Şəhərin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binalar sökülərək onların yerində yeni, müasir yaşayış binalarının tikintisi işləri aparılır.
    Ölkədə iqtisadiyyatın inkişafına yönəldilmiş bu layihələrin reallaşdırılması eyni zamanda əhalini narahat edən çox böyük sosial problemlərin də həllinə xidmət edir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil respublikamız sosial-iqtisadi inkişaf sahəsində misilsiz nailiyyətlər əldə edir. Biz bu inkişafı ictimai-siyasi həyatımızda aydın şəkildə hiss edirik. Möhtərəm Prezidentimizin sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladığı Sərəncamlar əsasında bütün bölgələrdə abadlıq və tikinti-quruculuq işləri geniş vüsət alır. Astara rayonunda da son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir.
    Cənab Prezident tərəfindən Astara rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkcə son beş ildə 8 Sərəncam imzalanmışdır. Bu Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır.
    Əhali dayanıqlı elektrik enerjisi ilə təmin edilmiş, rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılmışdır ki, bu da   77,2 % təşkil edir.
    Əvvəllər  rayonun nəinki ucqar dağ kəndlərinə, hətta rayon mərkəzinə yaxın qəsəbə və kəndlərə gedən yollar bərbad vəziyyətdə olduğuna görə əhalinin ciddi narazılığına səbəb olurdu. Rayon mərkəzində, qəsəbə və kəndlərdə əhalinin mədəni istirahətinin təşkili üçün normal şərait yox idi. Əhalinin müxtəlif təbəqələri ilə, ağsaqqallar, veteranlar, ziyalılar, gənclər və ictimaiyyətin digər nümayəndələri ilə   yerlərdə keçirilən görüşlərdə mövcud problemlər və narahatlıq doğuran məsələlərin həlli ilə əlaqədar rayon rəhbərliyi qarşısında təkliflər verilir, tənqidi qeyd və iradlar bildirilirdi. Bütün bunları nəzərə alaraq rayon əhalisini narahat edən bütün problemlər toplanılaraq ətraflı şəkildə araşdırıldıqdan sonra  görüləcək işlər barədə ölkə rəhbərliyinə ətraflı məlumat verdik. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə rayonumuzda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar geniş tədbirlər həyata keçirildi. Son  illərdə rayon mərkəzinə yaxın qəsəbə və kəndlərə, hətta  ucqar dağ kəndlərinə gedən yollar əsaslı şəkildə yenidən qurulmuşdur.
    Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, Deqədi-Pəlikəş yolu asfaltlaşdırılmış, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun yenidən qurulması davam etdirilir. Rayon ərazisində ümumilikdə 100 km-dən çox avtomobil yolu, o cümlədən, Astara şəhərində, Ərçivan qəsəbəsi, Səncərədi, Şiyəkəran, Çayoba, Rudəkənar, Seləkəran, Kolatan, Siyaku, Vaqo, Şağlazüzə, Təngərüd, Ojakəran, Burzubənd və Şahağac kəndlərində yollar asfaltlaşdırılmışdır. Şiyəkəran, Şəmətük, Siyaku və Pəlikəş kəndlərində 8 avtomobil körpüsü salınmışdır.
   Xüsusilə qeyd etməliyəm ki, rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi Astaramızın tarixində unudulmaz hadisələrdəndir. Olduqca mürəkkəb relyefə malik, yol çəkilişi mümkünsüz hesab edilən bu kəndlərin sakinlərinin sevinci indi hədsizdir. İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.
    Rayonun bütün yaşayış məntəqələrində geniş abadlıq və quruculuq işləri aparılmışdır. Astara şəhərində Heydər Əliyev Parkı, prospekt və küçələr yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilmiş, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtükləri dəyişdirilmiş, fasad və blokları təmir edilmişdir.
    Rayon mərkəzində Xəzər dənizi sahilində hektarlarla bataqlığa çevrilmiş ərazi qurudularaq abadlaşdırılmış, ən müasir memarlıq üslubunda dənizkənarı park-bulvar salınmışdır. Əhalinin mənalı istirahəti, asudə vaxtın təşkili üçün normal şəraiti olmayan rayon mərkəzində əhali artıq 3-cü ildir ki, dənizkənarı park-bulvarda səmərəli istirahət edir. Park-bulvarın şöhrəti nəinki respublikamızda, onun hüdudlarından kənara da yayılmışdır.
    Qonşu İran İslam Respublikasından, digər xarici ölkələrdən və respublikamızın müxtəlif guşələrindən  hər il yaz-yay mövsümündə minlərlə turist və rayona gələn qonaqlar ən yüksək səviyyədə komfort şərait yaradılan dənizkənarı park-bulvarda, orada fəaliyyət göstərən kotteclərdə, hotellərdə və digər xidmət obyektlərində istədikləri kimi istirahət edə bilirlər. Təkcə keçən il rayona gələn turistlərin sayı əvvəlki illərə nisbətən 5 dəfədən çox  artmışdır.
    İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla park-bulvar ərazisinin genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması rayonumuzun bütün ictimaiyyətinin sevincinə və ruh yüksəkliyinə səbəb olmuş, bu diqqət və qayğıya görə astaralılar möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
    Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturları – mehmanxana və hotellər, idman-əyləncə  obyektləri, iaşə obyektləri şəhərə xüsusi gözəllik verəcək. Park-bulvarın salınması, tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan gözəl və saf təbiətə malik ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayonumuzda turizmin daha geniş inkişafı üçün real şərait yaranmışdır.
    Böyük turizm potensialı olan, mülayim subtropik iqlimə malik rayonumuzda  Xəzər dənizi sahilində çimərliklər, Sım, Ağkörpü, Asxanakəran, Toradi kəndlərində, İstisuda termik-mineral bulaqlar, nadir təbii landşaft və təbiət abidələri vardır. Rayon üzrə müəyyən edilmiş turizm marşrutları əsasən daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı eyni zamanda rayonumuzun nadir el sənətkarlığının, qədim adət ənənələrinin və folklorunun qorunduğu, inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Burada kənd-yaşıl turizmi və mədəni turizmin inkişafına imkanlar vardır.
    Rayonumuzda son illərdə təhsil, səhiyyə, idman və digər sahələrdə sürətli inkişaf diqqəti cəlb edir. Pəlikəş kəndində yeni xəstəxana tikilib istifadəyə verilmiş,  Kijəbə qəsəbə, Pensər kəndində xəstəxanalar əsaslı təmir olunmuş, yenidən qurularaq əsaslı təmir edilmiş rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Fəxrlə demək olar ki, respublikanın bölgə xəstəxanaları arasında ilk dəfə olaraq rayon Mərkəzi xəstəxanasında böyrək köçürmə əməliyyatı keçirilmişdir.
    Qısa müddət ərzində rayonda 45 məktəb yenidən tikilmiş və ya əsaslı şəkildə təmir olunmuş, yeni inventar və avadanlıqlarla təmin edilərək müəllim və şagird kollektivinin istifadəsinə verilmişdir. Təhsilin maddi texniki bazasının yaxşılaşdırılması, eyni zamanda tədrisin keyfiyyətinə nəzarətin artırılmasının nəticəsidir ki, yüksək balla ali məktəblərə daxil olan məzunlarımızın sayı ildən-ilə artır.
    Bu gün müstəqil Azərbaycan regionun aparıcı dövləti, dünyada şöhrəti olan bir ölkə kimi tanınır. Son illərdə Beynəlxalq tədbirlərin ardıcıl olaraq Azərbaycanda keçirilməsi onun nüfuzunun artmasına, ölkəmizə olan maraqların güclənməsinə əyani sübutdur. Respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər arasında idman tədbirləri xüsusi yer tutur.
Azərbaycan I Avropa Oyunlarını, IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə keçirməklə ilklərə imza ataraq adını qızıl hərflərlə tarixə yazmışdır. Dünyada nüfuzlu idman tədbiri olan və Bakıda ikinci dəfə keçirilən “Formula-1” yarışlarına artıq start verilmişdir. Belə nüfuzlu idman və digər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Ulu Öndərimizin siyasi varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir.
     İdman sahəsində Astara  gənclərinin Respublika səviyyəsində əldə edilən uğurları barədə fərəhlə söhbət açmaq olar. Rayon mərkəzində fəaliyyət göstərən Olimpiya İdman Kompleksində, Ərçivan qəsəbəsində son illərdə tikilib istifadəyə verilən Boks Mərkəzində və digər idman obyektlərində hər gün minlərlə gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Astara şəhərində dəniz kənarında yeni inşa edilən “Zirvə” idman və sağlamlıq mərkəzində beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək idmançıların hazırlıq məşqləri keçirməsi üçün ideal şərait yaradılmışdır. Burada fəaliyyət göstərən məşq salonlarında xaricdən gətirilmiş avadanlıqlardan istifadə etməklə gənclərimiz təlim-məşqlər keçirlər. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etməsi üçün şərait yaratmış,  qazanılan nailiyyətlərin sayı xeyli artmışdır. XXXI Yay Olimpiya oyunlarında medal qazanan Azərbaycan idmançıları arasında sərbəst güləş üzrə Astara idman məktəbinin yetirməsi Cəbrayıl Həsənovun bürünc medal qazanması bizi hədsiz sevindirir. Yeri gəlmişkən qeyd edim ki, 14-24 iyul tarixlərində Astara Olimpiya Kompleksində 6-14 yaşlı məktəblilər arasında keçiriləcək Respublika Şahmat Olimpiadasının yüksək səviyyədə hazırlanaraq keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
    Məlumat üçün bildirim ki, şahmat idman növünün respublikamızda yüksək təşəkkül dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illərinə təsadüf edir. Ümummili lider həmin illərdə şahmatın Azərbaycanda inkişafı üçün böyük işlər görmüş, şahmat məktəblərinin, mərkəzlərin tikilməsini həyata keçirmiş, bu idman növü üzrə beynəlxalq turnirlərin respublikamızda təşkilinə nail olmuşdur. Cənab Prezident bu ənənəyə sadiq qalaraq digər idman növlərinə olduğu kimi yeniyetmə və gənclərin zəka oyunu olan şahmata marağını artırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Hesab edirəm ki, Respublika Şahmat Olimpiadasının rayonumuzda keçirilməsi məktəblilərin, gənclərin bu oyuna marağının artması üçün bir stimol olacaqdır.
     – Hörmətli Qəzənfər müəllim, respublikamızda və o cümlədən rayonumuzda iqtisadi islahatlar öz müsbət nəticələrini göstərməkdədir. Şübhəsizdir ki, neftin qiymətinin azalması ilə əlaqədar dünyada yaranmış iqtisadi böhranın nəticələri, bu və ya digər şəkildə iqtisadiyyatın inkişafına mənfi təsir göstərmişdir. Tam cəsarətlə demək olar ki, bu maliyyə böhranı respublikamızda o qədər də hiss olunmamışdır. Bu da onun  nəticəsidir ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi sahəsində vaxtında və operativ tədbirlər həyata keçirilmişdir. Bu barədə Sizin fikrinizi bilmək istəyirik.
     – Doğrudan da son dövrdə neftin qiymətinin xeyli aşağı düşməsi dünyada ciddi maliyyə böhranına səbəb olmuşdur. Bir çox ölkələr yaranmış vəziyyətdən vaxtında çıxış yolu tapa bilmədikləri halda, müstəqil Azərbaycan Respublikasında ölkə başçısı tərəfindən həyata keçirilən çevik iqtisadi siyasət qısa müddətdə öz bəhrəsini verdi.  Qeyri-neft sektorunun inkişafında böyük paya sahib olan aqrar sektorda intensiv texnologiyaları tətbiq etməklə sənaye tipli iri müəssisələrin yaradılmasına xüsusi diqqət yetirildi. Cənab Prezidentin tapşırıqlarına əsasən 25 rayon üzrə 155 min hektar sahədə 36 aqroparkın, o cümlədən 13 müasir heyvandarlıq kompleksinin, 23 iri bitkiçilik təsərrüfatının yaradılması ilə bağlı müvafiq işlərə başlanılmışdır. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığının aradan qaldırılmasında və məşğulluğun artırılmasında  xüsusi əhəmiyyət kəsb edir.
    Həyata keçirilən tədbirlər artıq növbəti ildən başlayaraq müsbət nəticələr verəcək, 2018-ci ildə ölkədə yem bitkilərinə olan tələbat  böyük miqdarda daxili istehsal hesabına ödəniləcəkdir.
      Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri etmişdir. Ölkə Prezidentinin tapşırıqlarına əsasən istifadə olunmayan 169,1 min hektar örüş və otlaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün müvafiq tədbirlər görülmüşdür.
     Cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarına əsasən Astara rayonunda da əkinçiliyin inkişafına diqqət xeyli artmışdır.  Sahibkarlar, fermerlər və iş adamları ilə müntəzəm görüşlər keçirir, onların maneəsiz fəaliyyət göstərmələri üçün hər cür imkanlar yaradır, yerlərdən qaldırılan təkliflərin, mövcud problemlərin operativ həll olunması üçün konkret və əməli tədbirlər görürük. İllərdən bəri istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün həyata keçirdiyimiz tədbirlər səmərəli nəticəsini vermişdir.
     Əkinə yararlı torpaq sahələrinin böyük hissəsinin dövriyyəyə qaytarılması ilə bu il rayonda ümumilikdə 2300 ha sahədə əkin aparılmışdır. Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən rentabelli sahələrindən biri olan çəltik əkini aparılan maarifləndirmə izahat işləri və göstərilən dəstək sayəsində 8 dəfədən çox artırılaraq 450 hektara çatdırılmışdır. Müqayisə üçün deyək ki, 2015-ci ildə 65 ha, 2016-cı ildə 132 ha çəltik əkilmişdi. Gələcəkdə çəltik əkininin 1000 hektara çatdırılması üçün tədbirlər həyata keçirilir. Qiyməti 5-7 manat arasında dəyişən Astara düyüsü brend olaraq Azərbaycan bazarlarında yerini tutmuş, hətta buna böyük tələbat yaranmışdır.
    Kənd təsərrüfatının ən perspektivli sahəsi olan çayçılığın inkişafında əldə edilən uğurlar da sevindiricidir. Rayonumuzda yeni çay emalı fabrikinin tikilib istifadəyə verilməsi, həmin fabrikdə işlərin təşkili ilə şəxsən ölkə başçısı İlham Əliyevin maraqlanması, Astara çayının şöhrətinin daha da artırılması üçün verdiyi tövsiyə və tapşırıqlar bu perspektivli sahənin inkişafına möhkəm zəmin yaratmışdır. Hazırda rayonun Kijəbə qəsəbə, Şüvi və digər yaşayış məntəqələrində yeni çay sahələrinin  salınması sürətlə davam etdirilir.  Bu bir daha onu göstərir ki, cənab Prezidentin apardığı siyasət insan amilinə söykənir, Azərbaycan vətəndaşının mənafeyi hər şeydən üstün tutulur. Əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilir. Çayçılıq, sitrusçuluq və çəltikçiliklə  məşğul olan əhali öz həyat şəraitini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
     Sitrus meyvəçiliyinin daha səmərəli və məhsuldar inkişafını  təmin etmək məqsədilə xarici ölkələrdən rayonumuza yeni sort tinglərin gətirilməsi istiqamətində ilkin addımlar atılmışdır. Bu il rayonun Siyaku kəndində yerli iş adamı tərəfindən 4,5 ha ərazidə  yeni sitrus bağı salınmışdır ki, burada əkilən tinglər yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən xaricdən gətirilmiş “Myaqava” yapon sortu olan narıngi ağaclarıdır. Gələcəkdə bu cür təsərrüfatlarının sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Eyni zamanda maarifləndirici tədbirlərin keçirilməsi ilə xaricdən dəvət edilmiş ixtisaslı mütəxəsislərin təcrübəsinin rayonumuzda öyrənilməsinə çalışırıq. Bu məqsədlə bu ilin aprel ayında  rayonun Siyaku kəndində subtropik meyvəçiliyinin inkişafı, sitrus bağlarının sağlam formada yetişdirilməsi, mövcud problemlər və qarşıda duran vəzifələrin həyata keçirilməsi məqsədilə iki günlük maarifləndirici tədbir tşkil etdik. Dəvətimizlə tədbirdə iştirak edən Türkiyənin Çukurova Universitetinin Subtropik meyvələr araşdırma və tədqiqat mərkəzinin direktoru, böyük təcrübəyə malik, professor Saadettin Baloğlu tədbir iştirakçılarına subtropik meyvəçiliyi ilə əlaqədar geniş məlumat verərək, sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışmış, fikir mübadiləsi aparmış, tövsiyələrini vermişdir.
     Bu əməkdaşlığın rayonda sitrusçuluğun inkişafına müsbət təsirini əsas götürərək təcrübə mübadiləsi məqsədilə   iyunun 5-7 tarixlərində Çukurova Universitetinin dəvəti ilə Türkiyə Respublikasının Adana və Mersin bölgələrində ezamiyyətdə olduq. Qonşu ölkədə Universitetin Subtropik meyvələrin araşdırma və tədqiqat mərkəzinin maddi texniki bazası, laboratoriyaları, istixana təsərrüfatları, emal müəssisələri, həmçinin açıq ərazilərdə subtropik və sitrus bağları ilə tanış olaraq mərkəzin təşkilatçılığı ilə keçirilən konfransda iştirak etdik. Hesab edirəm ki, bu cür tədbirlərdə qazanılan təcrübə rayonumuzda sitrusçuluğun elmin son nailiyyətləri əsasında daha sürətlə inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
     Son zamanlar kivi bitkisinə maraq xeyli artmış, fındıq yetişdirilməsi üçün ilkin addımlar atılır. Rayonun  ayrı-ayrı yaşayış məntəqələrində fərdi təsərrüfatlarda 60 hektarda kivi bitkisi əkilmiş, Ərçivan qəsəbəsində 4 hektardan artıq ərazidə Türkiyə Respublikasından gətirilmiş məhsuldar sort fındıq və qozdan bağ salınmışdır.
     Əhalinin həyat səviyyəsinin yüksəldilməsində xüsusi çəkisi olan sahələrdən biri də baramaçılıqdır. Vaxtilə əhali üçün böyük gəlir mənbəyi olan, ölkəmizi dünyaya tanıtdıran baramaçılığın bərpası ilə bağlı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü addımlar atılmışdır. Cənab Prezidentin tapşırığına əsasən baramaçılığın yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, bu sahədə çalışan insanların maddi maraqlarının təmin olunması üçün geniş miqyaslı tədbirlər həyata keçirildi. Nəticədə ötən il 24 rayon üzrə 71 tona yaxın barama tədarük olunmuşdur ki, bu da 2015-ci il ilə müqayisədə 300 dəfə çoxdur. 2017-ci ildə isə baramaçılıqla məşğul olan rayonların coğrafiyası genişləndirilmiş, artıq 30 rayon üzrə ötən ildəkindən 4,3 dəfə çox və ya 300 ton barama tədarükü nəzərdə tutulmuşdur. Hazırda baramanın tədarükünə 10 min nəfərdən çox əhali qatılmışdır. 2019-cu ildə barama istehsalının 1,3 min tona çatdırılması üçün yem bazasının gücləndirilməsi məqsədi ilə 2016-cı ilin payız mövsümündə 37 rayonda 3 milyon 400 minə yaxın tut tingi əkilmişdir.
     Baramaçılığın inkişafı ilə əlaqədar rayonumuzda da konkret və əməli tədbirlər həyata keçirilmişdir. Yerlərdə keçirilən görüşlər zamanı əhalinin bütün təbəqələri baramaçılığın inkişaf etdirilməsinə öz töhfələrini verəcəklərini diqqətə çatdırmışlar. Rayonumuzda əvvəlki illərdə baramaçılıq geniş inkişaf etdirilmişdir. Əhalinin yaşlı təbəqəsi bu sahədə zəngin təcrübəyə malikdir. 2016-cı ildə rayonumuzda 20 minə qədər tut tingi əkilmişdir. Yerlərdə vəziyyətlə maraqlanarkən aydın olmuşdur ki,  yeni əkilən tut tinglərinin inkişafı qənaətbəxşdir. Gələcəkdə rayonumuzda baramaçılığın daha sürətli inkişafı üçün əlverişli şərait vardır.
     Ölkə rəhbərinin aqrar sahənin inkişafı ilə əlaqədar tövsiyə və tapşırıqlarını yüksək səviyyədə icra etmək və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə vaxtında lazımi köməklik göstərməkdən ötrü mütəmadi olaraq yerlərdə təsərrüfat rəhbərləri görüşür, problemləri ilə maraqlanır, onları narahat edən məsələlərin operativ həllinə köməkılik göstəririk. Heyvandarlıq və arıçılığın da rayonumuzda əhalinin daha çox məşğul olduğu kənd təsərrüfatı sahəsi olduğunu nəzərə alaraq bununla məşğul olan təsərrüfat rəhbərləri ilə görüşlərimizdə arzu və təkliflərinin dinlənilməsi, problemlərinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çalışırıq. Fermer və iş adamları ilə apardığımız maarifləndirici söhbətlər nəticəsində bir çox heyvandarlıq  təsərrüfatlarında yüksək məhsuldarlığı ilə seçilən yeni cins inəklər – “Holştin-friz” südlük, “Simental” və digər ətlik cins mallar gətirilərək bəslənilir. Hazırda rayonda iribuynuzlu mal-qaranın sayı 43 min, xırda buynuzluların sayı 26 min başa çatmışdır. Eyni zamanda fərdi təsərrüfatlarda 10 min arı ailəsi bəslənilir.
     Hazırda ölkə üzrə kənd təsərrüfatı bitkilərinin yazlıq əkini sona çatmışdır. Bu günədək 353 min hektardan artıq torpaq sahəsində müxtəlif növ yazlıq bitkilər əkilmişdir. Həmin işlərə 410 min nəfərdən çox əhali cəlb edilmişdir. Bu onlar üçün həm iş yerləri, həm də qazanc mənbəyi deməkdir. Rayonumuzda yaz tarla işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. 230 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız),  39 hektar sahədə dən üçün qarğıdalı, 922 hektar sahədə kartof, 910 hektar sahədə tərəvəz, 30 hektar sahədə bostan bitkiləri, 138 hektar sahədə çoxillik otlar əkilmişdir. Əldə olunmuş nəticələr ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən bütün sahələrə dövlətin dəstəyinin gücləndirilməsi, istehsalçılara subsidiyaların verilməsi və möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq həyata keçirdiyimiz təşkilati işlər, əhali arasında aparılan geniş izahat və maarifləndirmə tədbirləri sayəsində mümkün olmuşdur.
     Təsərrüfatları suvarma suyu ilə tam təmin etmək, əkin sahələrində su itkisinin qarşısını almaq məqsədilə  rayon ərazisində olan suvarma və suötürücü kanallar tam bərpa edilmiş və sel-sularının normal axını təmin edilmişdir. Eyni zamanda rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri ilə payız-qış mövsümündə təsərrüfatların su basması təhlükəsi aradan qaldırılmışdır.
    Qeyri-neft sektorunda istehsal və ixrac potensialının daha da artırılması istiqamətində yerlərdə logistik mərkəzlərin, taxıl anbarlarının, iri fermer, müasir heyvandarlıq, istixana, üzümçülük, bağçılıq və quşçuluq təsərrüfatlarının, süd emalı və digər istehsal müəssisələrinin yaradılması işləri də həyata keçirilir. Bu məqsədyönlü tədbirlər nəticəsində əhalinin məşğulluq səviyyəsi artmış, rifah halı yaxşılaşrmış, işsizlik, maddi köməyin göstərilməsi ilə bağlı müraciət edənlərin sayı xeyli azalmışdır.
    – Qəzənfər müəllim, Sizin iştirak etdiyiniz bütün tədbirlərdə yeniyetmə və gənclərin milli şüurunun formalaşdırılması, xüsusilə müharibə şəraitində olan ölkəmizdə hərbi vətənpərvərlik tərbiyəsi sahəsində işlərin yenidən qurulması və əsaslı şəkildə  kökündən yaxşılaşdırılması məqsədilə  konkret tapşırıq və tövsiyələr verir,  hərbi məktəblərə qəbul olunan yeniyetmə və gənclərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsinə ciddi diqqət yetirirsiniz.  Bu sahədə rayonda gələcəkdə işlərin hansı şəkildə qurulması və təşkili üçün fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.           
   – Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu nəzərə alaraq, yerlərdə müharibə və əmək veteranlarının, habelə onları təmsil edən ictimai təşkilatların imkanlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində daha səmərəli istifadə edilməlidir. Bu sahədə rayonumuzda ayrı-ayrı təşkilatlar vasitəsilə vaxtaşırı tədbirlər keçirilir. Müharibə veteranları və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılır. Bu qrupa daxil olan insanlara münasibət əhalinin həm yeniyetmə və gənc, həm də  orta və yaşlı nəsildən olan hissəsinin şüuruna güclü təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında bu məsələnin vacibliyini dəfələrlə xüsusi olaraq vurğulayıb.
   2016-cı ilin aprel ayının əvvəllərində Ermənistanın təxribatına cavab olaraq qüdrətli Azərbaycan ordusunun zəfər yürüşü tarixə qızıl hərflərlə yazılıb. Bu döyüşlərdə qazanılan uğurlar bir daha göstərdi ki, Azərbaycan ordusu düşmənə qalib gəlməyə qadirdir, buna kifayət qədər gücü və qüdrəti vardır. Bu döyüşlərdə xalqımızın yüzlərlə qəhrəman oğlu kimi, astaralılar da yaxından iştirak edərək misilsiz şücaət və rəşadət nümunələri göstərmişlər.                                                        Gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyindən yerlərdə bu məsələ daim diqqət mərkəzində saxlanılır, gənclərin təhsili, məşğuliyyəti, dünyagörüşünün formalaşdırılması, asudə vaxtının səmərəli təşkili istiqamətində zəruri tədbirlər görülür. Bu baxımdan rayonumuzdakı Gənclər Evinin, Heydər Əliyev Mərkəzinin, Olimpiya Kompleksinin imkanlarından maksimum istifadə edilir, hər bir gəncin həmin obyektlərdən yararlana bilməsi üçün lazımi şərait yaradılmışdır. Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət  ruhunda tərbiyə edilməsi   daim diqqətimizdədir. Rayonumuzda  gəncliklə əlaqədar tədbirlərin – orduya yola salma, ordudan tərxis olunan gənclərlə, tələbə adını qazanmış gənclərlə görüşlər, “Gənclər günü”nün qeyd edilməsi ənənəvi hal almışdır. Bu tədbirlərdə gənclərin qayğıları,  problemləri ilə maraqlanır, onları həyatda düzgün istiqamətləndirmək üçün məsləhətlər veririk. Aparılan maarifləndirmə nəticəsində erkən nikah ləğv edilmiş, gənclər arasında dini radikalizmə meyl edənlər, ordudan yayınan, fərarilik edən ümumiyyətlə olmamışdır. Gənclərimiz ordu sıralarına həvəslə gedir, əskəri xidmətlərini ləyaqətlə yerinə yetirirlər.
    Son illərdə rayon gənclərinin ölkəmizdə keçirilən  müxtəlif intellektual yarışlarda uğurla iştirak etməsi, yeniyetmə və gənclərin ölkə və beynəlxalq miqyaslı idman yarışlarında mükafatlara layiq yerlər tutması, yaradıcı gənclərin yeni-yeni kitablarının nəşr olunması və digər məsələlər bizi sevindirir. İndi qarşıda duran əsas məqsəd gənclərin asudə vaxtının daha səmərəli təşkili üçün yeni-yeni metod və formaların tətbiqinə nail olmaqdır.
   – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən təşkil edilən əhalinin tibbi müayinədən keçirilməsi yerlərdə əhalinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Bu fakt bir daha sübut edir ki, ölkə başçısı daim öz vətəndaşlarının sağlamlığının qayğısına qalır, ölkə səhiyyəsinin beynəlxalq tələblər səviyyəsində inkişafı üçün bütün imkanlardan istifadə edilməsinə çalışır. Bu barədə ölkəmizdə və rayonumuzda görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
  – Ölkəmizdə səhiyyənin tibb elminin son nailiyyətlərinə uyğun inkişaf etdirilməsi möhtərəm Prezidentimizin daim diqqət mərkəzindədir. Son illərdə respublikamızın demək olar ki, bütün regionlarında Diaqnostika Müalicə Mərkəzləri tikilib istifadəyə verilmiş, mövcud xəstəxanalar əsaslı şəkildə yenidən qurularaq təmir edilmiş, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Ölkəmizdə əvvəllər xəyalımıza belə gətirə bilmədiyimiz açıq ürək, böyrək köçürmə və digər nadir cərrahiyyə əməliyyatları keçirilməsi adi hala çevrilmişdir. Təkcə Bakı şəhərində deyil, ayrı-ayrı bölgələrdə də nadir cərrahiyyə əməliyyatlarının keçirilməsinə başlanılmışdır.      Həyata keçirilən ən mühüm tədbirlərdən biri də əhalinin tibbi sığortasının təşkili ilə əlaqədardır. Artıq ölkənin bir neçə bölgəsində pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Həyata keçirilən və  insan amilinə söykənən irimiqyaslı layihələrdən biri də əhalinin tibbi müayinədən keçirilməsidir. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən təşkil edilir.  Səhiyyə Nazirliyi ilə birgə icra edilən bu mühüm tədbirin yüksək səviyyədə həyata keçirilməsi üçün tərəfimizdən əhali arasında geniş təşkilati-izahat işləri aparılmışdır.
     Cari ildə tibbi müayinədən ölkəmizin 18 yaşdan yuxarı olan 6,4 milyon nəfər əhalisindən 5,6 milyon nəfəri, başqa sözlə 87,5 faizi keçmişdir. Müayinədən keçənlərin bir hissəsi ambulator müalicə almış, stasionar müalicəyə qəbul olunmuş və ya müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Əhali arasında aparılan maarifləndirmə işinin rolu bu tədbirin keçirilməsində özünü daha qabarıq şəkildə büruzə vermişdir. Vətəndaşlarımız əvvəllər tibbi müayinədən keçməyə çox meylli olmasa da bu gün artıq onların məsələyə marağı köklü surətdə dəyişmişdir.
     Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  fevralın 15-dən  mayın 15-nə kimi rayonumuzda da əhalinin növbəti tibbi müayinəsi keçirilmişdir. Tibbi müayinə rayonun bütün yaşayış məntəqələrini əhatə etmiş, ümumilikdə 70998 nəfər əhali bu xidmətdən yararlanmışdır.  Ölkə rəhbərinin əhalinin tibbi müayinəsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar əhali tərəfindən razılıqla qarşılanmış, bu diqqət və qayğıya görə möhtərəm Prezidentə minnətdarlıqlarını bildirmişlər.
   Məlumat üçün bildirim ki, artıq iki ildir mart ayından etibarən rayon mərkəzi xəstəxanasında “Sünnət aksiyası” keçirilir. İki il ərzində bu xeyirxah tədbir nəticəsində 500 nəfərə qədər uşaq sünnət edilmişdir.
    – İdeoloji işin təşkilində  Heydər Əliyev Mərkəzlərinin üzərinə böyük vəzifələr düşür.  Astara Heydər Əliyev mərkəzi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün səylərini əsirgəmir. Mərkəzin öz imkanlarından daha səmərəli istifadə etmək üçün yeni yanaşma forma və metodlardan istifadə etməsi vacibdir. Bu barədə Sizin fikirlərinizi bilmək istərdik.
    – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rifah halının yaxşılaşdırılmasına yönəldilmiş siyasətin və genişmiqyaslı islahatların əhalinin bütün zümrələrinə çatdırılması üçün idarə və müəssisələrin əmək kollektivləri, ağsaqqallar, ziyalılar, gənclər, tələbələr, sahibkarlarla keçirilən görüşlərdə müfəssəl və dolğun məlumatlar veririk.
    Bununla belə həyat keçirilən tədbirlərin miqyası və mahiyyəti əhali ilə aparılan işin səmərəliyinin daha da artırılmasının və genişləndirilməsinin vacibliyini şərtləndirir.
     Bunun üçün  hər cür şərait vardır. Rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Gənclər evii, Tarix-Diyarşünaslıq və Bayraq muzeyi bu məqsədlə istifadə oluna biləcək ciddi bazadır.
     Heydər Əliyev Mərkəzinin imkanları xüsusi qeyd edilməlidir. Mərkəzdə Ümummilli Lider Heydər Əliyev irsi, onun həyat və fəaliyyəti ilə bağlı eksponatlar, kino, video və fotostend nümunələri toplanmış və vaxtaşırı onların nümayişi təşkil edilir. Rayon ictimaiyyətinin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin, ümumilikdə rayonun bütün idarə və təşkilatlarının kollektivləri mərkəzə həvəslə gəlir, burada ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən sərgilərlə tanış olurlar. Heydər Əliyev Mərkəzində  kompüter kursları, müxtəlif profilli dərnəklər fəaliyyət göstərir. Mərkəz tərəfindən əhalidə əlavə bayram ovqatı yaratmaq məqsədilə əlamətdar günlərdə əyləncəli-kütləvi tədbirlər hazırlanıb keçirilir. Bütün bu tədbirlərin hamısı geniş şəkildə fotoşəkillərlə birlikdə yerli “Astara” qəzetində işıqlandırılır.
     Bütün bunlarla birlikdə  Heydər Əliyev Mərkəzində ulu öndərin müxtəlif sahələr üzrə fəaliyyətini əks etdirən didaktiv mobil guşələrin yaradılması, onların rayonun ayrı-ayrı yaşayış məntəqələrində nümayişinin təşkil edilməsi faydalı olar. Mərkəzdə müxtəlif profilli dərnək və kursların sayının artırılması və ora gənclərin cəlb olunması vacib məsələlərdəndir. Mərkəzdə hüquqi yardım və sorğu guşəsi, Wi-Fi-dən istifadə imkanı və yerli şəraitə uyğun digər xidmətlər pulsuz və ya rəmzi ödəniş müqabilində təklif edilə bilər.
     Mərkəzlərdə əhalinin, xüsusilə də gənclərin maraqlarına uyğun olaraq  müxtəlif    studiyalar, kompüter və xarici dil kursları, virtual siniflər, xalq sənətkarlığı – xalçaçılıq, toxuculuq və sair emalatxanalar, dərnəklər, internet klub və kafelər, elektron kitabxanalar, konfrans, müasir formatlı kino və diskoteka zalları, sərgi salonları fəaliyyət göstərir, yeni ailə quranlar burada öz nikah aktlarını bağlayırlar. Ötən ay Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu nümayəndələrinin iştirakı ilə rayon Gənclər evi nəzdində açılmış Bilik evində artıq müxtəlif tədbirlərin keçirilməsinə başlanmışdır.
     Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyətləri tərəfindən artıq dördüncü ildir ki, ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Layihə çərçivəsində şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olurlar. Onlarda Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, şəhər və rayonlarımızın gündən-günə yeniləşən, abadlaşan siması barədə əyani təsəvvür yaranır.
   – Hörmətli Qəzənfər müəllim, ölkə başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil respublikamızın bütün sahələrdə qazandığı uğurlar barədə əhaliyə vaxtında və operativ məlumat verilməsi, vətəndaşların ölkədə və dünyada baş verən siyasi hadisələrdən xəbərdar olması müstəsna əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, icra başçısı kimi Siz müntəzəm olaraq bütün yaşayış məntəqələrində olur, əhali ilə səyyar qəbul və görüşlər keçirir, ictimaiyyətin bütün nümayəndələri ilə  canlı və səmimi ünsiyyət qurur, onları düşündürən bütün məsələlər barədə fikir mübadiləsi aparırsınız. Bu səyyar qəbul və görüşlərin faydası barədə nə deyə bilərsiniz?
    – Bu bir həqiqətdir ki,  yerlərdə keçirdiyimiz səyyar görüş-qəbullar  əhali ilə səmimi ünsiyyətin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Bu səyyar görüş-qəbullar əhalinin sosial əhəmiyyətli sifarişlərinin bilavasitə, vətəndaşlarla ünsiyyətdə olaraq müəyyən edilməsi və dərhal lazımi tədbirlərin görülməsinə yönəlmiş səmərəli iş formasıdır. Bu görüş-qəbullar həyat sınağından keçmiş və artıq ciddi iş üslubuna çevrilmişdir. Ayda           4 dəfədən az olmayaraq keçirilən görüş-qəbullar sakinlərin icra orqanlarına inamını daha da artırır, yerlərdə gedən prosesləri görmək, onları qiymətləndirmək və zəruri hallarda müdaxilə etmək üçün imkan yaradır.
     Əvvəllər daha qabarıq şəkildə qaldırılan problemlər artıq öz həllini tapmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təchizatının, içməli və suvarma su ilə təminatının yaxşılaşdırılması, kəndarası avtomobil yollarının təmiri, yeni təhsil və səhiyyə müəssislərinin tikintisi və sair bu kimi sualların ümumi problemlərin sırasında  xüsusi çəkisi xeyli azalmışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi imkanları artdıqca, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni-yeni  proqramların qəbul edilməsi, böyük layihələrin həyata keçirilməsi sahəsində dövlət tdəbirlərinin miqyası da artır. İnanırıq ki, ölkəmizdəki siyasi sabitlik, iqtisadi yüksəliş və öz Prezidentinə hədsiz inanan xalqla rəhbərin  sıx birliyi bundan sonara da müstəqil dövlətimizi daha böyük inkişafa, xalqımızı firavanlığa qovuşduracaqdır.
     Qəzənfər müəllim, bu gün həm də dövlət qulluqçulqrının peşə bayramıdır. Bu münasibtlə Sizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayıram.
     Bəli, bu gün dövlət qulluqçularının peşə bayramıdır. Möhtərəm cənab Prezidentimizin ölkədə hər bir peşə sahibinə, hər bir sıravi vətəndaşa olduğu kimi dövlət qulluqçularına da yüksək diqqət və qayğısı vardır. Cənab Prezidentin ayrı-ayrı peşə sahiblərini  onların bayramlarında təbrik etməsi, xalqa və dövlətə xidmətdə fərqlənən şəxslərin təltif edilməsi, fəxri adların verilməsi barədə Sərəncamları bu diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda da təltif olunan dövlət qulluqçulqrı az deyildir. Cənab Prezidentin dünənki  Sərəncamı ilə daha bir ziyalımız – rayon İcra hakimiyyətinin Siyaku inzibati ərazi dirəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hesab edirəm ki, bu mükafat cənab Prezident tərəfindən bütün Astara ziyalılarının əməyinə verilən ən yüksək qiymətdir.  Mən də dövlətə və xalqa sədaqətlə xidmət edən bu olduqca şərəfli və məsuliyyətli peşə sahiblərini ürəkdən təbrik edir, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın tərəqqisi, inkişafı, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə gördükləri işlərdə uğurlar arzulayıram.
     Yeri gəlmişkən söhbətimiz həm də dünya müsəlmanlarının əziz günü olan Mübarək Ramazan bayramı ərəfəsinə təsadüf edir. Bu əziz bayram münasibətilə  sakinlərimizi səmimi qəlbdən təbrik edir, Allahdan arzu-diləklərinin, oruc və namazlarının qəbul olmasını arzulayıram. Arzu edirəm ki, evlərində daim xoşbəxtlik, süfrələrində bol ruzi və xeyir-bərəkət olsun.
     Müqəddəs Ramazan ayı qoy Vətənimizə əmin-amanlıq, xalqımıza xoş  və səadətli günlər gətirsin!