Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində birgə əməkdaşlıq istiqamətində layihələr davam edir. İyunun 8-9-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən ilk təlim Astara rayonunun Çayoba, Lənkəran rayonunun Sütəmurdov, Masallı rayonunun Telman, Cəlilabad rayonunun Privolnoye kəndlərində baş tutub. Hər təlimdə 30 nəfər olmaqla ümumilikdə 120 nəfər əhatə olunub. “Erkən nikahlar kontekstində insan alveri” mövzusunda təlimlər ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaq

məqsədilə keçirilib. Həmin tədbirdə rayon Gənclər və İdman İdarəsinin və “Astara” qəzetinin əməkdaşları iştirak etmişlər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Şura tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində layihə müraciətləri davam edir. Müraciətlər www.yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunur daha sonra, proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq, onların kənd gəncləri ilə əlaqəsini qurmaq məqsədilə dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial şifarişlərinin kəndlərdə davam etdirilməsi birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və Milli Şura tərəfindən lazımı inzibati və texniki dəstək göstəriləcəkdir. Əməkdaşlıq fəaliyyəti 4 mərhələdən ibarət olmaqla müraciətlərin qəbul olunması, birgə əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi, əməkdaşlığın həyata keçirilməsi və layihənin hesabatın verilməsidir. Əməkdaşlıq çərçivəsində Milli Şura tərəfindən kənd gəncləri ilə əlaqələrin daha rahat qurulmasına dəstək edilməsi, poliqrafiya materiallarının hazırlanması, foto və video çəkilişin təşkil olunması, fəaliyyətin təşkili xərclərinin qarşılanması və PR dəstəyi təmin olunur.

Nicat Raufoğlu