“Qarabağ” Azərbaycanın reytinqini artırdı

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın “Şerif” üzərində səfər qələbəsi (2:1) Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki göstəricisini yaxşılaşdırıb.

Qol.az-ın məlumatına görə, bu qələbə sayəsində ölkəmizin reytinqinə daha 0,250 xal əlavə olunub.

Beləliklə də, cari mövsümün qazancı 2,625-ə çatıb. “Qarabağ” hamıdan çox – 0,875 xalın qazanılmasında pay sahibidi. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazanıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17,375-ə çatıb. Bu, irəliləməyimizə imkan verməsə də, 22-ci olan Azərbaycanın mövqeyini möhkəmlətməsi ilə nəticələnib. 21-ci olan Kiprlə xal fərqi 0,325-ə qədər azalıbsa, 23-cü olan İsveçdən 0,400 xal uzaqdadı.