Qusar rayonunun ucqar yaşayış məntəqələrindən olan Suvacal kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, avqustun 2-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, Milli Məclisin deputatı Azər Badamov, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Suvacal kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Ümumilikdə, 9 min 979 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 140 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb.

Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Qusar rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.