ELTA Xəbər Agentliyinin səhmlərinin nəzarət paketini naşir Vitas Tomkusdan alan sahibkar Gitana Markoviçene bu agentliyin direktoru olub. AZƏRTAC xəbər verir ki, indiyədək həmin vəzifəni Romas Bubnyalis tuturdu.

G.Markoviçenenin sözlərinə görə, bu qərar agentliyin inkişafı üzrə ambisiyalı planların həyata keçirilməsi sayəsində səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır. O, milli xəbər agentliyinin uzunmüddətli planları barədə onun səhmlərinin alınması prosesi başa çatandan sonra məlumat verəcək.
G.Markoviçene vurğulayıb ki, jurnalistlər komandasının möhkəmlənməsinə və yüksək səviyyəli peşə və etik standartların təmin olunmasına xüsusi diqqət yetiriləcək.
Milli xəbər agentliyi ölkədə və dünyada baş verən ən mühüm hadisələri qərəzsiz və obyektiv işıqlandırmalıdır. Buna görə də agentliyin kommersiya fəaliyyəti ilə jurnalistlərin fəaliyyəti arasında dəqiq sərhəd olmalı, jurnalistlərin həm biznesdən, həm də siyasətdən peşə azadlığı təmin olunmalıdır.
Maliyyə idarəçiliyi sahəsində mütəxəssis olan və 14 il bank sektorunda çalışan G.Markoviçene biznes inzibatçılığı üzrə magistr dərəcəsinə malikdir.
Nigar Cəfərli
AZƏRTAC