“Kopenhagen” klubundan “Qarabağ” azarkeşlərinə müraciət

Danimarkanın “Kopenhagen” klubu futbol üzrə Çempionlar Liqasının “play-off” mərhələsində keçirəcəyi oyunlarla əlaqədar “Qarabağ” azarkeşlərinə müraciət edib.

Astarainfo.az “Qaynarinfo”-ya istinadən məlumatına görə, bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.

Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab görüşünün təşkil olunacağı “Parken” stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da vurğulanıb ki, qonaq komanda tərəfdarları biletləri yalnız “Qarabağ” klubu vasitəsilə əldə edə bilərlər.

“Parken” stadionu 38 min tamaşaçı tutumuna malikdir. Bu isə o deməkdir ki, “Qarabağ” azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.