Hər bir ölkənin sosial-iqtisadi siyasətinin başlıca hədəfi kəndlə şəhər arasındakı iqtisadi və sosial fərqləri azaltmaq, regionların inkşafını sürətləndirməklə əhalinin ümumi rifah halını yüksəltməkdir. Əslində bu, iqtisadi terminologiyada urbanizasiya adlanır. Yəni regionların iqtisadi inkişafının sürətləndirilməsi sayəsində kəndlərdə işsizlik aradan qaldırılır və sosial vəziyyət yüksəlir-nəticədə kənd sakinlərinin mərkəzlərə, paytaxtlara axınının qarşısı alınır.

Məhz bu önəmli tendensiyanı vaxtında dəyərləndirən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair müxtəlif dövrlərdə 3 mühüm Dövlət Proqramı imzalamışdır. Bu proqramlar bölgələrin inkişafındakı fərqin aradan qaldırılması, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənədlər idi. Son 14 ildə həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşması nəticəsində Azərbaycanın ən ucqar dağ kəndləri belə sürətlə inkişaf etdi, güclü infrastruktur yaradıldı, sahibkarlıq fəaliyyəti genişləndi.

İqtisadiyyatın və sosial rifahın yüksəlişini təmin edən həmin proqramlar nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endi. Bu müddət ərzində neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldildi. Ölkəmizdə neftdən asılılıq da ildən-ilə azaldı. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Lakin bu göstəricini daha da yüksəltmək üçün Azərbaycan dövləti daha ciddi hədəfləri nəzərdən keçirir. Belə ki, qarşıda duran əsas vəzifə 2020-ci ilə qədər iqtisadiyyatın neft amilindən asılılığını minimuma endirməkdir.

Qeyd edək ki, artıq regionların sosial-iqtisadi inkişafına dair  Dövlət proqramlarının ikisi tam uğurla icra olunub. Üçüncü proqramın icrasının isə 2018-ci ildə başa çatması nəzərdə tutulub. Bu proqram da artıq əsas hədəfinə çatmaqdadır. Məhz hər üç Dövlət Proqramının yerinə yetirilməsi sayəsində son 14 il ərzində ölkəmizdə geniş sosial infrastruktur yaradıldı. Belə ki, bu müddət ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri açıldı. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılıb və bütün bunların nəticəsində artıq bu gün  ölkəmizdə işsizlik kimi ciddi bir problem yoxdur.

Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev həmin Dövlət Proqramlarının əhəmiyyətindən danışaraq bildirdi ki, 2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır: “İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı, hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.

Məhz son 14 il ərzində düşünülmüş və məqsədyönlü siyasət sayəsində Azərbaycan dövləti bir çox problemləri həll etdi. Təkcə bir misal çəkmək yetərlidir. Bir vaxtlar özünü elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan bu gün xaricə də xeyli miqdarda enerji ixrac edir və bundan böyük vəsait qazanır. Bu illərdə 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilərək ölkənin enerji təhlükəsizliyi tam təmin edildi. 2004-cü ildən 2017-ci ilədək 11 min kilometr yeni yollar-həm magistral, həm də kənd yolları salındı, böyük meliorasiya layihələri icra edildi. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə yüksəldi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri  “mavi yanacaq”la təmin edildi.

Ötən dövrdə yaradılan infrastruktur layihələrində əhalinin içməli su ilə təminatı da ön planda çıxarılmışdır. Xüsusən yeni su xətti çəkilərək paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılmışdır. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüş, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılmışdır. Dörd su anbarı-Taxtaköprü,  Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilmişdir.

Son illərdə respublikamızın şimal-qərb zonasına yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri inşa edilib, bir sözlə, dövlət başçısının söylədiyi kimi, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir.

Dövlət başçısı respublikanın şimal-qərb zonasına səfərindən sonra Balakən, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və digər sosial layihələrin icrası ilə bağlı ümumilikdə 6 sərəncam imzalayıb. Ölkəmizin başçısının imzaladığı 2 sərəncama əsasən, Balakən və Zaqatala rayonlarında yol infrastrukturunun tikintisinə ümumilikdə 11,9 milyon manat vəsait ayrılıb.  Eyni zamanda Prezident İlham Əliyev Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə uşaq incəsənət məktəbinin yeni binasının tikilməsi, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işləri və çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi üçün hər birinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb. Digər sərəncama əsasən, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə 2,99 milyon manat ayrılıb. Sərəncamlardan da aydın olur ki, qarşıdakı illərdə bölgələrdə quruculuq-abadlıq işləri, infrastrukturun yenilənməsi prosesi daha da genişlənəcək, əhalinin sosial rifahı yüksələcəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti  daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Elçin Zaman, “İki sahil”