Böyük Britaniya elektron hesabatın tətbiqini təxirə salır

Böyük Britaniya hökuməti kiçik biznesin məcburi şəkildə elektron vergi hesabatı verməsi barədə tələbinin həyata keçirilməsini təxirə salmağı qərara alıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, əvvəlcə bu sistemin 2018-ci ilin aprelindən tətbiq edilməsi planlaşdırılsa da, hazırda həmin qərarın qüvvəyə minməsi 2020-ci ilədək təxirə salınıb.
Hökumət nümayəndələrinin açıqlamasında deyilib ki, bu cür məcburi hesabatı ƏDV tutulan illik dövriyyəsi 85 min funt sterlinqdən artıq olan şirkətlər verəcək. Beləliklə, kiçik müəssisələr üçün elektron hesabat könüllü səciyyə daşıyacaq.
Ümumilikdə isə həm hökumət, həm də biznes dairələri elektron hesabat standartlarının tədricən tətbiq edilməsinə tərəfdardırlar.
Hökumət hesab edir ki, kiçik biznesə yeni standartlara uyğunlaşmaq, eləcə də münasib proqram təminatı tapmaq üçün vaxt verilməlidir.