Londonda çıxan rüblük “Halı” jurnalının 190, 191 və 192-ci nömrələrində Azərbaycan dekorativ-tətbiqi sənətinə və noyabrın 17-dən 20-dək Bakıda keçiriləcək Azərbaycan xalçası üzrə 5-ci simpoziuma həsr olunan bir neçə məqalə dərc edilib.

Otuz beş illik tarixə malik dünyaca məşhur London nəşriyyatı tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi Mədəniyyət və Turizm Nazirliyinin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzunmüddətli fəaliyyətinin nəticəsidir. 2016-cı ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində baş redaktor Ben Evansın rəhbərliyi ilə “Halı” jurnalının redaksiya heyəti öz yazıları üçün kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplayıb. “Halı” jurnalı qarşıdan gələn simpoziumun rəsmi informasiya tərəfdaşı olaraq hazırda Azərbaycan tikmə sənətinin dünya kolleksiyalarında saxlanılan nadir nümunələrinə dair yeni kitab layihəsi üzərində işləyir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, jurnalın 191-ci nömrəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ehtiyat fondunda saxlanılan XVIII əsrə aid xalça tikmələrinə dair ilk dəfə olaraq məlumat yer alıb. Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün böyük maraq kəsb edir və ilk dəfə simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq sözügedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə əşyalarıdır ki, beynəlxalq ədəbiyyatda məhz “azərbaycanlı” kimi qeyd edilir.

Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərindən olan xalçaların daha dəqiq atribusiyasına start verilib. Çox hallarda xalçaların hansı regiona (məsələn, “Şirvan” və ya “Qarabağ”) aid olmasından əlavə, habelə həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsusluğu da qeyd edilir.

Bundan başqa “Halı” jurnalı oktyabrın 21-dən 27-dək Azərbaycan və Gürcüstana ilk kommersiya turunu təşkil edəcək. Bu barədə ətraflı http://www.hali.com/tours/brochure-azerbaijan-georgia-october-2017  internet ünvanında tanış olmaq olar.