“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, millət vəkili İlham Məmmədov, İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin müdiri Emin Pənahov, layihənin kordinatoru Kərim Ağayev, rayon Uşaq-Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev və Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov iştirak ediblər.

Tədbirdə millət vəkili, layihənin rəhbəri R.Əliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonundan seçilmiş deputat S.Alıyev və millət vəkili İ.Məmmədov çıxış ediblər.

Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Birinci Avropa Oyunlarında, RİO-2016 da və Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.