Avqustun 10-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisinin və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.