Rəşad Süleymanov: Ermənistan ordusu cəbhə bölgəsində uşaq, qadın, yaşlı demədən dinc sakinləri hədəf alır

Ermənistan silahlı qüvvələri mütəmadi olaraq cəbhə bölgəsində uşaq, qadın, yaşlı demədən dinc sakinləri hədəf alır. Bununla da cəbhə xəttində yaşayan əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmağa çalışır.

Bu fikirləri AZƏRTAC-a hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutmasına və azyaşlı Ramin Yusifova xəsarət yetirməsinə münasibət bildirərkən deyib.

R.Süleymanov bildirib ki, təkcə son 7 ildə cəbhə xəttində Ermənistan ordusunun təxribatları nəticəsində 10-a yaxın uşaq xəsarət alıb. Ağdamda, Füzulidə, Tovuzda baş verən hadisələrdə isə azyaşlılar erməni snayperlərinin atəşindən həlak olublar.

Döyüş əməliyyatları zonasında dinc əhaliyə qarşı yönələn bu hərəkətlər beynəlxalq konvensiyalarda yolverilməz olaraq göstərilsə də, ermənilər həmişəki kimi heç bir sənədə məhəl qoymurlar. Məsələ burasındadır ki, hansısa atəş zamanı təsadüfdən əli qanayan erməni uşağına reaksiya verən, bunu az qala insanlığa qarşı cinayət kimi bayraq edən beynəlxalq təşkilatlar ermənilərin etdikləri onlarla belə cinayətə göz yumub reaksiya verməyiblər.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu heç zaman dinc əhaliyə atəş açmayıb. Ermənistan-Azərbaycan dövlət sərhədinin keçdiyi ərazilərdə erməni kəndləri təmas xəttinə qısa məsafədə yerləşir. Mövqelərimizdən aydın görünsə də, açıq hədəf olmasına baxmayaraq əsgərlərimiz mülki insanlara atəş açmır, onlar rahat şəkildə öz təsərrüfat işləri ilə məşğul olur, məktəbə gedib-gəlirlər: “Bir faktı da qeyd etmək istəyirəm ki, iki il əvvəl Dağlıq Qarabağda ermənilərin yaşadığı Talış və Madagiz kəndlərinin sakinləri xarici mediaya müsahibələrində özləri də etiraf ediblər ki, Azərbaycan hərbçiləri istəsə onları vura bilərlər. Amma vurmurlar. Bu fakt özü Azərbaycan hərbçilərinin humanizminin ermənilər tərəfindən ifadəsidir”.

Rəşad Süleymanov deyib ki, Ermənistan hərbçiləri törətdikləri hər təxribata görə cavab verməli olurlar: “Cəbhədə baş verənləri davamlı şəkildə izləyirik. Düşmənin heç bir təxribatı cavabsız qalmır. Ordumuzun həyata keçirdiyi tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi, texnikası, mövqeləri məhv edilir. Şəhidimizin, yaralımızın qanı yerdə qalmır”.

Ekspert hesab edir ki, son zamanlar Ermənistanın dövlət sərhədində və Füzuli rayonu istiqamətində daha çox aktivləşməsi, bu fonda daha çox mülki əhalini hədəfə alması müşahidə olunur. Bunun da bir neçə səbəbi var: “Məlum olduğu kimi bir neçə ay əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin dönüşü başladı. Ermənilər Füzuli istiqamətində mülki əhalini hədəfə almaqla qayıdış prosesinə mane olmağı düşünürlər. Çünki bu qayıdış əhalinin Qarabağa qayıdışına inamını möhkəmləndirdi. Dövlət sərhədində isə Ermənistan Azərbaycanı təxribata çəkmək, öz əməllərinə haqq qazandırmaq, dünyaya günahın Azərbaycanda olduğunu göstərməyə çalışır”.

R.Süleymanov xatırladıb ki, ermənilər həm birinci Qarabağ müharibəsi zamanı, həm də atəşkəs dönəmində mülki əhaliyə qarşı təxribatlar həyata keçiriblər. Təkcə Xocalıda 63 uşaq qətlə yetirilib, girov götürülmüş onlarla uşağın taleyindən xəbər yoxdur. Əsir və girovların söylədiklərindən məlum olur ki, ermənilər sağlam uşaqların orqanlarını satıblar.