Əzizinəm “Qarabağ”… Bir xanımın azarkeşliyi

Uzun illər uğura ac qalan Azərbaycan futbolsevərləri artıq bir neçə ildi klub səviyyəsində Avropada qazanılan uğurların sevincini yaşayır. Bu uğurlarda təbii ki, “Qarabağ”ın payı hamıdan çoxdur. 3 dəfə Avropa Liqasının qrup mərhələsinə düşən qaçqın komandamız bu il bir az da irəli getməyi bacarıb. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanmaqla bu uğura imza atan ilk Azərbaycan klubu olub.

Qarşıda daha vacib oyun var. “Qarabağ” Danimarkanın adlı-sanlı “Kopenhagen” klubunu keçə bilsə, özünün və Azərbaycan futbolunun tarixində daha bir ilkə imza atmış olacaq: İlk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə. Bu baş verməsə belə, Qurban Qurbanovun yetirmələri yenə qrupda çıxış edəcək. Belə ki, komanda Çempionlar Liqasının “play-off”una çıxmaqla artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Uğurlar artdıqca təbii ki, kluba olan maraq, azarkeş sevgisi də artır. Bir vaxtlar Azərbaycan futbolunda “Neftçi” və “Xəzər Ləkəran” hegemonluq edirdi, onların fanatları digər bütün klubların azarkeşlərini üstələyirdi. İndi “Neftçi” tarixinin ən pis günlərini yaşayır, turnir cədvəlinin son pillələrində var-gəl edir, azarkeşlər də klubdan üz döndərib. “Xəzər Lənkəran” isə müəyyən səbəblərdən fəaliyyətini dayandırıb.

Heç şübhəsiz ki, bu gün “Qarabağ” ölkədə ən çox sevilən, dəstəklənən klubdur. Uğurları bir yana, daşıdığı ad hər kəsi bu kluba hörmət etməyə, dəstək verməyə sövq edir. İllərdir erməni işğalında qalan Qarabağın adını, həqiqətlərini dünyaya tanıtmaq üçün ən böyük vasitədir “Qarabağ” klubu. Sevindirici haldır ki, “Qarabağ” bu missiyanı uğurla həyata keçirir.

“Qarabağ” oyunlarında azarkeş kimi iştirak edəndə məni daha çox hansı komandanın qalib olmağı yox, qol vurulanda azarkeşlərin keçirdiyi həyəcan cəlb edir. Hələ gənclərin çoxu köynəklərini də soyunub qışqırır ki, “Qarabağ bizimdir, bizim olacaq”. Niyə bunları sizinlə bölüşürəm, deyəcəm. Dünən baş redaktor fotoqrafımızla məni otağına çağırıb dedi ki, “bəs “Qarabağ”ın “Fan-şop”u açılıb, gedin oradan reportaj hazırlayın”. Yeri gəlmişkən, bu tapşırıqda məni ən çox  sevindirən məqam saat 11-ə kimi yatmaq imkanının yaranması oldu.