Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsi çərçivəsində Fəvvarələr Meydanında növbəti konsert baş tutub.

İdarədən AZƏRTAC-a bildirilib ki, tanınmış estrada müğənniləri Könül Kərimova, Nurlan Əzizbəyli, Əli Əliyev, Çinarə Bəkirova, Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova, Mir Cabbar Mirbabayev, Aynur Əliyeva, Mir Fərhad Həbibi, Fərhad Xəlif, Səma Heydərova, rəqqasə Səbinə İsmayılova və başqaları öz çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilərlə paytaxt sakinlərinin görüşünə gələcək.