Yaponiyanın iqtisadi dairələrində populyarlığı ilə seçilən “Hokkaku şimbun” qəzeti Azərbaycanla açılacaq birbaşa aviareyslərin əhəmiyyətindən bəhs edən məqalə yayıb.

Azərbaycanın xəritəsinin də verildiyi məqalədə ölkəmizin son illər əldə etdiyi uğurlar, sürətli iqtisadi inkişafı, coğrafi mövqeyi barədə yapon oxuculara ətraflı məlumat verilir. Bildirilir ki, Yaponiyanı Azərbaycan ilə sıx dostluq əlaqələri birləşdirir. Azərbaycan tərəfindən regionda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə yapon şirkətləri də yaxından iştirak edirlər.

Qeyd edilir ki, iki dost ölkə arasında artıq bir neçə ildir birbaşa reyslər açılsa da bu, ancaq yükdaşımalarda istifadə olunur və “SilkWay” şirkəti tərəfindən həyat keçirilən Bakı-Komatsu-Bakı reysləri çarter xarakterlidir.

Məqalədə bu günlərdə Bakıda aparılan danışıqlar zamanı iki ölkənin mülki aviasiya administrasiyaları arasında əldə edilən razılaşmaya əsasən yaxın vaxtlarda yalnız paytaxt şəhərləri deyil, eyni zamanda, regionları da birləşdirəcək birbaşa sərnişin və yükdaşımalar üzrə aviareyslərin fəaliyyətə başlayacağı barədə məlumat yapon oxucuların diqqətinə çatdırılır. Vurğulanır ki, müntəzəm reyslərin açılması iki ölkə arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcək.

 

AZƏRTAC