“Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlanacaq dünya çempionatına səylə hazırlaşıblar. Hazırlıq prosesi çox yaxşı səviyyədə gedir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib. Təcrübəli mütəxəssis Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşçilərindən ibarət yığmadan yüksək nəticə gözlədiklərini bildirib: “Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə də çox yüksəkdir. Hər şey qaydasındadır. İdmançılar yaxşı nəticə göstərmək, məşqçilər hazırlıq prosesi, rəhbərlik isə bu işlərə nəzarətlə məşğuldur. Dünya çempionatına kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Yaxşı hazırlaşanlar yaxşı nəticə göstərəcəklər, pis hazırlaşanlardan isə nəticə gözləməyə dəyməz. Hər bir komandadan 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk “5-liy”ə düşmə şansı verir. İnanıram ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin öhdəsindən gələcəklər”.

E.Cəfərov bir müddət əvvəl maaşlarını ala bilmədikləri üçün etiraz edən güləşçilərə qarşı heç bir incikliyin olmadığını açıqlayıb: “Hərə öz fikrini deyib və öz fikrində də qalır. Heç kim idmançıya “Niyə bu fikri səsləndirmisən?” deyə bilməz. Kimin haqlı olub-olmadığını zaman göstərəcək. Güləşçilərlə fərdi söhbətlər olub, yenə də olacaq. Hər bir sahədə belə hallar baş verə bilər. Məncə, burada problemli bir şey yoxdur. Proseslər yavaş-yavaş öz yerini tutur, hər şey həllini tapır. İdmançının işi yaxşı məşq edib nəticə göstərməkdir. Çalışıb nəticəsini göstərsin. Yaxın zamanlarda hamı çəkdiyi əziyyətin bəhrəsini görəcək”.

Qeyd edək ki, dünya çempionatı 21 – 26 avqustda təşkil olunacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.