Avqustun 15-də Yaponiyada İkinci Dünya müharibəsinin başa çatmasının 72-ci ildönümü qeyd edilib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hökumət tərəfindən Tokioda təşkil olunan mərasimdə təqribən 6200 nəfər, o cümlədən müharibə zamanı həlak olanların ailə üzvləri iştirak ediblər. Müharibədə 3 milyon 100 mindən çox yapon həlak olub.

İmperator Akihito və imperatriçə Miçiko çiçəklərlə bəzədilmiş mehrabın yaxınlığında yerlərini tutduqdan sonra Baş nazir Şinzo Abe çıxış edib. Bildirib ki, II Dünya müharibəsi başa çatdıqdan sonra Yaponiya müharibəyə nifrət edən və sülhsevər ölkə olaraq qalır, bütün dünyada sülhün və əmin-amanlığın möhkəmlənməsi üçün var gücünü sərf edir.

Ş.Abe vəd edib ki, ölkəsi keçmişin dərslərinə hörmətlə yanaşacaq, müharibə faciələrinin təkrar olunmasına yol verməmək siyasətinə sadiq qalacaq.

Baş nazir Yaponiyanın sülhə, inkişafın qorunması işinə töhfələrini davam etdirəcəyini, qarşıdurmaya aparan yoxsulluğun aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini deyib.