Tədqiqatlar göstərib ki, müntəzəm olaraq badam yemək qanda aşağı sıxlıqlı lipoproteinlərin (“pis” xolesterin, LDL) miqdarını azaltmağa kömək edir. Bu isə ürək-damar xəstəlikləri riskini azaldır.

Astarainfo.az AZƏRTAC istinadla xəbər verir ki, tədqiqatçılar badamın yüksək sıxlıqlı lipoproteinlərə (“yaxşı” xolesterin, HDL) necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, HDL damarların divarlarını “pis” xolesterindən təmizləyərək ateroskleroz riskini azaldır. “Yaxşı” xolesterini molekullarının ölçüsündən və yetkinliyindən asılı olaraq beş kateqoriyaya ayırırlar. Qanda böyük və yetkin α-1 molekulu nə qədər çox olarsa, HDL-xolesterini təmizləyici və qoruyucu funksiyasını bir o qədər yaxşı yerinə yetirəcək və bununla da ürək-damar xəstəliklərinin başvermə ehtimalını azaldacaq.

Tədqiqatçıların apardıqları eksperimentdə qanda “pis” xolesterinin səviyyəsinin yüksək olduğu 48 kişi və qadın iştirak edib. Onlar iki həftədə iki dəfə pəhriz saxlayıblar. Hər iki pəhrizdə onların qida rasionu eyni olub; lakin onlara birinci dəfə badam, ikinci dəfə bananlı maffin verilib. Hər mərhələnin sonunda iştirakçıların qanında HDL-xolesterinin miqdarı ilə təcrübədən əvvəlki göstərici müqayisə edilib.

Alimlər müəyyənləşdiriblər ki, “badam” pəhrizi iştirakçıların 19 faizində “yaxşı” xolesterinin miqdarının artmasına səbəb olub.

Badam ürək-damar xəstəliklərinin yaranma ehtimalını sıfıra endirməsə də, kifayət qədər faydalıdır. Buna görə də onu xüsusən risk qrupunda olan adamlar qida rasionuna əlavə etməlidirlər.