İlkin Vəliyev: Vergi Məcəlləsində edilən dəyişikliklər kənd təsərrüfatı məhsullarının istehsalının artımına yönəlib

Vergi Məcəlləsində edilən əlavə və dəyişikliklərə əsasən, buğda unu və çörək istehsalı və satışı, eləcə də quş ətinin satışı 3 il müddətində ƏDV-dən azad edilib. Bu dəyişikliklər rəqabət mühiti yaratmaqla kənd təsərrüfatı məhsullarının idxalının azaldılmasına və ölkədə həmin məhsulların istehsalının artımına yönəlib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, dəyişikliklər vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot sisteminin şəffaflaşdırılması, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi yükünün azaldılması ilə bağlıdır.

Nazir müavini diqqətə çatdırıb ki, vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlı dəyişikliklər xüsusi əhəmiyyətə malikdir: “İndiyədək kənd təsərrüfatı məhsulları istehsalçıları əlavə dəyər vergisindən azad edilməsinə baxmayaraq, pərakəndə qaydada satılarkən həmin məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi və bu da müəyyən qiymət artımına səbəb olurdu. Dəyişikliklərə əsasən, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq üçün ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-yə yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq, yəni ticarət əlavəsi cəlb olunur”.

İ.Vəliyev vurğulayıb ki, Məcəllədə əsas dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergiödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi, elektron qaimə-fakturanın və digər uçot sənədlərinin tətbiqidir. Bu isə nəticə etibarilə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına və uçot sistemində şəffaflığın artmasına şərait yaradır.