2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan–San Marino oyununun stadionu dəyişdirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. “Bakcell Arena”da UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan–San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Azərbaycan-San Marino matçı üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall alış-veriş mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.