Bu qış başqa qış olacaq…

Artıq istirahət sevənlər dincəlmək üçün ancaq yay fəslini gözləmək məcburiyyətində deyillər. Ölkəmizdə bütün fəsillərdə, xüsusilə də qış aylarında istirahət etmək üçün lazım olan hər şərait yaradılıb

2017-ci ilin yay fəslinin sonuncu ayını yaşayırıq. Bu yay ölkəmizdə görünməmiş istilərlə müşahidə olunsa da, paytaxtda və regionlarda yaradılan istirahət mərkəzləri, yay düşərgələri hər il olduğu kimi, bu il də insanların dadına çatdı. Yay turizminin ölkənin inkişafına verdiyi töhfələr haqqında çox eşitmişik. Ölkəyə valyuta axınını gücləndirən bu sahə bütün dünya dövlətləri tərəfindən maraqla izlənilir. Yay turizmi ilə yanaşı insanları qış turizmi də maraqlandırır. Belə ki, hələ inkişaf etməkdə olan bu sahə artıq bir çox insanların diqqətini cəlb etməyi bacarıb. Yerləşdiyi ərazidən, iqlim qurşağından asılı olaraq əlverişli şəraitin mövcudluğu bu sahəyə sərmayə qoyuluşunu və inkişafını tələb edir. Azərbaycanın əlverişli iqlim  şəraitində yerləşməsi yay turizmi ilə yanaşı qış turizminin inkişafına da təkan verir. Son illərdə  dövlətimiz tərəfindən bu sahənin inkişafına xeyli diqqət göstərilir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılmasında, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.

Hazırda turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb. Buna beynəlxalq turizm bazarına inteqrasiyanın ilbəil daha geniş şəkildə təmin olunması sayəsində nail olunub.

Eyni zamanda, turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətədavamlı turizm xidməti sahələrinin yaradılması zərurəti nəzərə alınaraq, yaxın vaxtlarda ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması nəzərdə tutulur.

Xatırlatmaq yerinə düşər ki, Dünya Turizm Təşkilatınn Statistik göstəricilərinə görə, hər il dünya üzrə turistlərin təxminən 30-35 faizi istirahət mərkəzlərində qış aylarında dincəlir. Qış turizminin yüksək inkişaf etdiyi dövlətlər isə əsasən İsveçrə, Çex Respublikası, Kanada, ABŞ, Rusiya və Skandinaviyadır. Qış aylarında Azərbaycanda isə insanların ən çox getdikləri “Şahdağ” Yay-Qış Turizm Kompleksidir.

Qış turizmini inkişaf etdirməkdə isə əsas məqsəd ölkəmizə gələn turist axınının mövsümündən asılılığını aradan qaldırmaqdır. Çünki Azərbaycanda hər fəslin özünəməxsus gözəlliyi var.

Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nəticələrinə görə, 2020-ci  illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə ehtiyac olacaqdır.  Təbii ki, indidən bu ehtiyacı ödəmək üçün kompleks tədbirlər də görülməyə başlanılıb.

Şəfiqə Dadaşova, “İki sahil”