Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Qazaxıstanın Türküstan şəhərində “XX TÜRKSOY rəssamlar görüşü”nün açılışı olub.

TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 22-dək davam edəcək tədbirdə 11-i Qazaxıstandan olmaqla 15 ölkədən 25 rəssam iştirak edir. İştirakçılar əvvəlcə Türküstanın tarixi və mədəni yerləri ilə tanış olublar.

Tədbirin açılışı ilə bağlı təşkil olunan mətbuat konfransında “TÜRKSOY rəssamlar görüşü” mərasiminin təşkil olunması, keçdiyi inkişaf yolu və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, tədbirin 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Türküstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, 1997-ci ildə təsis edilən “TÜRKSOY rəssamlar görüşü” fasiləsiz olaraq türk dünyasının görkəmli rəssamlarını bir araya gətirir. Ötən dövrdə keçirilən “TÜRKSOY rəssamlar görüşü” mərasimlərində 300-ə yaxın rəssam iştirak edib. Bu mərasimlər sayəsində 1500-ə yaxın rəsm əsəri meydana çıxıb. Yüzdən artıq ümumi və fərdi rəsm sərgisi təşkil olunub. Bu əsərlər türk dünyasının ortaq mədəniyyətini, tarixini və ənənələrini özündə əks etdirir.