Rusiyanın paytaxtı Moskvada məşhur sovet və Azərbaycan müğənnisi Müslüm Maqomayevin yaşadığı Yeliseyevski küçəsindəki binaya onun barelyefi quraşdırılacaq.

Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov Report-a deyib ki, sənətkarımızın Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısındakı yaşadığı binada barelyefinin quraşdırılmasına icazəni şəxsən Moskva meri Sergey Sobyanin verib.

“Biz Müslümlə yalnız tanış yox, həm də yaxın dost idik. Buna görə də onunla bağlı olan hər şey mənim üçün çox qiymətlidir. Bütün İttifaq, həmçinin SSRİ-nin siyasi rəhbərliyi onu sevir və qiymətləndirirdi. Çünki o, bütün dünyada təkcə Azərbaycanı deyil, Sovet İttifaqını təmsil edirdi”, – deyə biznesmen bildirib.

O, böyük tenorun barelyefinin təntənəli açılışının Moskvada sentyabrın 15-də keçiriləcəyini də əlavə edib.