Bu il sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan uşaqların sayı açıqlanıb

Azərbaycanda iyulun 1-i vəziyyətinə 378,0 min nəfərə sosial müavinətlər təyin olunub.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı 22,0 min nəfər, əlilliyə görə – 155,9 min nəfər, ailə başçısını itirməyə görə – 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,2 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 53,8 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 395 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,8 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2354 nəfər bir yaşadək uşağa görə 2301 ailəyə və beşdən çox uşağı olan 3,0 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.