Gürcüstan hökumətinin Administrasiyasının nümayəndələri, Azərbaycanın bu ölkədəki səfiri, “Caspian European Club” və “Caspian Energy İnternational Group”un nümayəndə heyəti arasında keçirilmiş görüşün əsas mövzusu “Caspian Energy Georgia”nın yaradılması olub.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Gürcüstanın strateji partnyoru olduğunu qeyd edən Gürcüstanın Baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze birgə layihələrin yüksək templə həyata keçirildiyini xüsusilə vurğulayıb. Dövlət qurumları səviyyəsində qarşılıqlı anlaşma və möhkəm əməkdaşlıq Gürcüstan və Azərbaycanın özəl sektor nümayəndələri arasında sıx əlaqələrin qurulmasının zəruriliyini şərtləndirir.

Gürcüstan hökumətinin “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsini müsbət qarşıladığını qeyd edən T.Caparidze vurğulayıb ki, klub və media qrup həm regionda, həm də onun hüdudlarından kənarda tanınır: “Gürcüstan hökuməti “Caspian Energy Georgia”ya hər cür dəstək göstərəcək. Biz bugünkü əməkdaşlığımızdan çox məmnunuq”.

O qeyd edib ki, qarşıya qoyduqları əsas məqsədlərdən biri xarici bazarlara çıxış və qonşu ölkələrlə əlaqələrin inkişafıdır. Bununla bağlı T.Caparidze illik beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin yenidən işə başlamasının vacibliyini vurğulayıb.

Gürcüstan hökumətinin Azərbaycanla səmərəli əməkdaşlıqdakı fəal mövqeyini vurğulayan Azərbaycan Gürcüstandakı səfiri Dursun Həsənov “Caspian Energy Georgia”nın fəaliyyətinin bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu ifadə edib. O, hökumət üzvlərini bu il sentyabrın 29-da başlayacaq biznes forumlarda və “CEO Lunch Tbilisi”də fəal iştirak etməyə dəvət edib. “CEO Lunch Tbilisi” hər ayın sonuncu cümə günü təşkil olunacaq: “Maraqlıdır ki, “Caspian Enegy Georgia”nın yenidən fəaliyyətə başlaması Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə təsadüf edir”.

Tədbir iştirakçılarına sıralarında dünyanın 50 ölkəsindən 5 min şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığı barədə məlumat verilib. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatı dəstək göstərir.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev öz növbəsində “Caspian European Club” və “Caspian Energy İnternational Media Group”un fəaliyyətinə göstərilən dəstəyə görə Gürcüstan hökumətinə və Azərbaycanın bu ölkədəki səfirliyinə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin yaxın 5 il ərzində “Caspian Energy Georgia” çərçivəsində həyata keçiriləcək planlar və layihələr müzakirə olunub.