Özbəkistanın Kultura.uz portalı SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illiyi ilə əlaqədar rus dilində “Müslüm Maqomayev: Azərbaycan xalqının fəxri, əfsanəvi baritonun yaradıcılığı” sərlövhəli məqalə yayıb.

Məqalədə deyilir ki, Müslüm Maqomayev incəsənət aləmində böyük hadisədir, onun yaradıcılığı isə bir neçə nəsil musiqi tədqiqatçıları üçün zəngin materialdır. Müslüm Maqomayev təkrarolunmaz bariton idi, onun böyük artistizmi və ürəyinin hər an musiqi ilə döyünməsi tamaşaçıları valeh edib.

Böyük müğənninin səs imkanları çox geniş olub, opera, müzikl, Neapolitan nəğmələri, Azərbaycan və rus bəstəkarlarının vokal əsərləri yazılan lent yazıları insanların qəlbini fəth edib. Onun repertuarında 600-dən artıq romans, klassik mahnı və digər nəğmələr var. Müslüm Maqomayevin oxuduğu əsərlər 45-dən artıq plastinka və 15 diskə yazılıb.

Yazıda müğənninin 1942-ci ildə Bakıda doğulduğu, bu şəhərdə təhsil aldığı bildirilir. Qeyd olunur ki, o, 19 yaşında Helsinkidə gənclər festivalında çıxışı ilə məşhurlaşıb və 19 yaşında SSRİ Xalq Artisti adına layiq görülüb.

AZERTAC