Rusiyanın Şimal paytaxtında “Peterburq yayı” şahmat festivalı açılıb

Rusiyanın Şimal paytaxtında “Peterburq yayı” adlanan böyük şahmat festivalı açılıb. Festivalın proqramına “Rusiya Kuboku-2017”nin mərhələ yarışı – Viktor Korçnoyun xatirəsinə həsr olunmuş turnir (16-24 avqust), Rusiya Uşaq Kuboku turnirinin mərhələləri (16-24 avqust), məsələlərin həlli müsabiqəsi, blits və Fişer şahmatı üzrə turnirlər (25 avqust), Rusiya Rapid Qran-Prisinin mərhələ yarışı (26-27 avqust) daxildir.

Rusiya Kuboku mərhələsinin reytinq favoriti amerikalı qrossmeyster Qata Kamskidir. Turnirdə 259 şahmatçı, o cümlədən 21 ölkədən 34 qrossmeyster iştirak edir.

Rusiya Uşaq Kuboku turnirinin mərhələ yarışları 4 yaş qrupunda (9, 11, 13 və 15 yaşınadək) keçiriləcək. 11 yaşınadək şahmatçılar arasında turnirin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Aqil İsrailov da var.

Sürətli şahmat üzrə turnir ən güclü heyət toplayıb.

Əlavə edək ki, festivalın ümumi mükafat fondu 1 200 000 rubldur.

Sankt-Peterburqda kişi şahmatçılar arasında Viktor Korçnoyun xatirəsinə həsr olunmuş ilk turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışın qalibləri avqustun 27-də müəyyənləşəcək.