Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

“Report”un məlumatına görə, Azərbaycanın bu növ üzrə komandası bir medal qazanıb.

80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev bürünc medala sahib olub. O, ilk görüşdə rusiyalı ikiqat olimpiya çempionu Roman Vlasovu, 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Mürsəliyev mərakeşli Zied Aid Uaqramdan üstün olub.

Yarımfinalda belaruslu Radik Kulievlə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Beləliklə, Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə bolqarıstanlı Daniel Aleksandrovu üstələyən təcrübəli güləşçi fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, qalan 7 çəkidə Azərbaycan güləşçilərindən ən yüksək nəticəni İslam Abbasov (85 kq) göstərib. O, 5-ci yeri tutub.