Qadın şahmatçılardan ibarət Azərbaycan komandasının növbəti yarışlara hazırlığı çərçivəsində Azərbaycan Şahmat Federasiyasında beş lövhədə Almaniya yığması ilə yoldaşlıq görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüş Sheveningen sistemi üzrə keçirilir.

Azərbaycan komandasının heyətində Nərmin Xələfova (2239), Gülnar Məmmədova (2357), Ülviyyə Fətəliyeva (2323), Zeynəb Məmmədyarova (2277) və Xanım Balacayeva (2282), Almaniya komandasının heyətində Elizabet Payeş (2469), Sara Hult (2449), Yelena Levuşkina, Tiyes Heynemann (hər ikisi 2284) və Fiona Siyeber (2277) çıxış edirlər.

Görüşün birinci günü Azərbaycan şahmatçılarının xeyrinə 4:1 hesabı ilə başa çatıb. Gülnar Məmmədova, Zeynəb Xələfova və Ülviyyə Fətəliyeva qələbə qazanıblar, Nərmin Xələfova və Ülviyyə Fətəliyeva isə heç-heçə oynayıblar. .

Partiya üçün vaxta nəzarət: 40 gediş üçün 90 dəqiqə, sonra hər bir iştirakçı üçün partiyanın sonuna qədər 30 dəqiqə üstəgəl birinci gedişdən başlayaraq hər bir gediş üçün əlavə 30 saniyə.

Görüşün baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Lütfiyar Rüstəmovdur.

Qeyd edək ki, komandalar arasında daha dörd görüş keçiriləcək.