Gədəbəydə abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artıb, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.

Sərəncamda qeyd olunur ki, Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəy rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.