Avqustun 23-də futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Danimarkadakı “Parken” stadionunda bu ölkənin “Kopenhagen” komandası ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın səfər qarşılaşması üçün start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Donald Qerrye, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçzak və Bədaci Hüseynov çıxıblar.

“Kopenhagen” komandasının ilk onbirliyində isə Robin Olsen, Pyer Benqtson, Uilyam Kvist (k), Bencamin Verbiç, Federiko Santander, Andriya Pavloviç, Yan Qrequs, Kasper Kusk, Nikolay Boylesen, Peter Ankersen və Maykl Lüftner yer alıblar.

Qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Alberto Undiano Mallenkodur. Ona həmyerliləri Roberto Alonso və Raul Kabanero kömək edirlər. Dördüncü hakim funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirir.

Komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” komandası cavab qarşılaşmasında sərfəli nəticə əldə edərsə, Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək imkanı qazanacaq.

Qeyd edək ki, bu oyunla paralel olaraq, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində daha dörd qarşılaşma keçirilir:

“Slaviya” (Çexiya) – APOEL (Kipr) – ilk oyunun nəticəsi – 0:2.

“Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) – 2:1.

“Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya) – 0:0.

“MOİK” (Rusiya) – “Yanq Boyz” (İsveçrə) – 1:0.