Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haqı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Mohamed Elias Mohamed əl-Haq diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Görüşdə bu il Azərbaycan və Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xüsusilə vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycan və Sudan arasında ikitərəfli, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrinə görə səfir Mohamed Elias Mohamed əl-Haqa təşəkkürü edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.