Avropa İttifaqının nümayəndələri Tərtər və Bərdə rayonlarında olublar

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləməyi nəzərdə tutan Regionların və Kənd Yerlərinin İnkişafına Yardım Proqramı üzrə Tərtər və Bərdə rayonlarının iqtisadi inkişafının perspektivləri ilə tanış olmaq məqsədilə avqustun 22-23-də bu rayonlarda səfərdə olublar.

BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində qonaqlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə xəttinə yaxın olan rayonda görülən sosial-iqtisadi fəaliyyətlərə dair onlara məlumat verib.

İcra başçısı BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri yüksək qiymətləndirib. O, ölkə rəhbərinin son Sərəncamından sonra Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Bütün bunlara baxmayaraq may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından rayon istiqamətində axan Tərtər çayının qarşısının kəsilməsi səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlərin yaranması, çaylarla partladıcı maddələrin axıdılması, çayın su ehtiyatlarından yalnız 30 faiz istifadə edilməsinə dair məlumat verib. Qonaqlar bütün bunların yolverilməz olduğunu, Tərtər rayonunda yaradılmış su rezervuarının, kəndlərdə qazılmış artezian quyularının imkanlarından düzgün istifadə olunmasının vacibliyini ifadə edib.

Tərtər rayonunda BAMF-ın Peşə Təlim Mərkəzində, Fondun sosial-humanitar sahədəki fəaliyyətindən, təsərrüfat sahələrində görülən işlərdən məmnun qaldığını bildirən J.Vilyams Avropa İttifaqının müharibədən zərər çəkmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun inkişafı üçün hökumətin vətəndaş cəmiyyəti ilə birgə gördüyü işləri yüksək dəyərləndirib və təmsil etdiyi qurumun bu bölgələrdə proqramların dəstəklənməsinə hazır olduğunu bildirib.

Daha sonra qonaqlar rayonun işğal altındakı ərazilərlə həmsərhəd Şıxarx, Həsənqaya və Qapanlı kəndlərinə baş çəkərək müharibənin törətdiyi dağıntılarla, məhv olmuş infrastrukturla, eləcə də ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş abidənin ətrafında aparılan restavrasiya işləri ilə tanış olublar.

Səfər zamanı qonaqları müşayiət edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın bu bölgələrində sosial–iqtisadi infrastrukturun bərpası üçün görülən işlərdən, BAMF-ın müharibədən zərər çəkmiş ərazilərdə həyata keçirdiyi proqramlardan danışıb. Avropa İttifaqının nümayəndələri təmas xəttinə yaxın ərazilərdə aparılan minatəmizləmə işləri, məcburi köçkünlər üçün tikilən yeni yaşayış massivi ilə tanış olub və bütün bunların sülhün, sabitliyin bərpası üçün vacib işlər olduğunu ifadə ediblər.

Sonra qonaqlar Avropa İttifaqının dəstəyi ilə vaxtilə Tərtər rayonunun İrəvanlı kəndində yaradılmış çiyələk plantasiyaları ilə tanış olub, bu istiqamətdə əməkdaşlıq imkanlarının gücləndirilməsi müzakirə edilib.

Avqustun 23-də Avropa İttifaqının Azərbaycandakı təmsilçiləri BAMF sədri Umud Mirzəyevin müşayiəti ilə Bərdə rayonuna səfər edib, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə müzakirələrə qatılıblar. V.İsayev 500 il Azərbaycanın paytaxtı olmuş qədim tarixə malik Bərdə rayonunda kənd təsərrüfatı imkanlarından və sosial-iqtisadi sahədə hökumətin gördüyü işlərdən və prioritetlərdən söz açıb. O, Bərdənin bölgədə məcburi köçkünlərin ən çox məskunlaşdığı rayon olduğunu söyləyib və bu baxımdan onların sosial-iqtisadi imkanlarının gücləndirilməsi üçün Azərbaycan hökumətinin və Avropa İttifaqının vətəndaş cəmiyyəti qurumları ilə birgə sosial-iqtisadi sahədə əməkdaşlığını yüksək qiymətləndirib, regionda sosial-iqtisadi və humanitar sahədə birgə proqramların əhəmiyyətinə toxunub.

Daha sonra Avropa İttifaqının mütəxəssisi aran bölgəsində sahibkarlığın və kooperativlərin inkişafı istiqamətində Avropa İttifaqının pilot layihəsinə dair məlumat verib. Qonaqlar Bərdə rayonunda qurulmuş Aqroparkın və bir sıra təsərrüfat sahələrinin və istixanaların fəaliyyəti ilə yaxından tanış olublar. Tarixi Nüşabə qalasını və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edən qonaqlar bölgədə turizmin inkişafı üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar kənd turizminin inkişafı, eləcə də məcburi köçkün qəsəbələrində məşğulluğun artırılması üçün əməkdaşlığın vacib olması faktını da qeyd ediblər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri bu cür səfərlərin birgə layihələrin formalaşmasına müsbət təsir göstərdiyini bəyan ediblər.

AZƏRTAC