Dərinin göbələk xəstəlikləri: nə zaman təhlükəlidir?

“Dərinin göbələk xəstəlikləri dəri xəstəlikləri arasında ən çox rast gəlinən problemlərdən hesab olunur. Xüsusilə yay aylarında bu problemlərə daha çox rast gəlinir”.

Bunu APA TV-nin “Öncə sağlıq” layihəsinin növbəti buraxılışının qonağı dermatoloq  Firayya Məmmədova deyib.

Göbələk xəstəliklərinin yayılmasını dərinin gücü, immunitetlə əlaqələndirən həkim-dermatoloq, burada immunitetin zəifliyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, problemə daha çox ayaqlarda rast gəlinir: “Bağlı ayaqqabı, sulu mühit problemin yaranmasına şərait yaradır. Ayaqları nə qədər quru saxlasaq, problemə az rast gəlinər, eyni zamanda problem olanda da quru mühitdə daha tez aradan qalxar”.

F.Məmmədova deyib ki, bəzi göbələk xəstəlikləri, o cümlədən dırnaq göbələkləri ümumiyyətlə, qaşınma ilə müşahidə edilmir. Göbələk xəstəliklərinin müalicəsində yaşın mühüm rol oynadığını qeyd edən dermatoloqun sözlərinə görə, bu proses orqanizmdən asılı olaraq 6-7 ay çəkir.

O qeyd edib ki, manikür-pedikür zamanı gigiyenik qaydalara düzgün əməl olunmazsa, göbələk xəstəliklərinə zəmin yarana bilər.

Dermatoloq göbələk xəstəliyinin orqanizminin tamamilə zəifləməsinə və ölüm hallarına da gətirib çıxara biləcəyini istisna etməyib. Daxili göbələk xəstəliklərinə daha çox qadınlarda rast gəlindiyini söyləyən  həkim-dermatoloq, bunun səbəbinin ginekoloji xəstəliklər olduğunu söyləyib.

Həkim-dermatoloq onu da qeyd edib ki, dəri xəstəliklərinin əmələ gəlməsinin 99%-i stresslə bağlıdır, eyni zamanda göbələk xəstəliyinin yaranmasında da stress amilinin rolu var. Onun sözlərinə görə, dərinin göbələk xəstəliklərinin qida ilə heç bir əlaqəsi yoxdur.

Firayya Məmmədova deyib ki, əl və ayaq göbələklərinə daha çox qadınlarda rast gəlinir: “Göbələk xəstəlikləri ən çox 50 yaşdan sonra aşkarlanır”.

Həkim-dermatoloqun sözlərinə görə, dərinin göbələk xəstəlikləri zamanı hormonlu kremlərdən istifadə arzuolunmazdır: “Çünki biz bununla problemi maskalayaraq. Bu isə başqa bir xəstəliyin ortaya çıxmasına gətirib çıxarır”