Fransanın turizm üzrə ixtisaslaşmış “Le Quotidien du tourisme.com” portalının “Les best-sellers 2017” məlumat kitabında bu ilin ən yaxşı turizm ölkələrindən bəhs olunub. On səkkiz ölkə arasından əvvəlcə Azərbaycanın turizm imkanlarından danışılıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Travel” şirkətinin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə nəşr olunan məlumat kitabında ölkəmizin coğrafi mövqeyindən bəhs olunub. Azərbaycanın tarixi “İpək yolu”nun üzərində yerləşdiyi, ölkəmizdə bir çox qədim abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyi bildirilib.

Nəşrdə paytaxt Bakıda qədim və müasir memarlıq nümunələrinin ahəngdarlığından, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət Və Təbiət Qoruğu, Qobustan Milli Parkı və s. turizm məkanlarından söz açılıb. Həmçinin Azərbaycanda yay və qış turizminin inkişaf etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, cari il sentyabrın 26-dan 29-dək Parisdə “Top Resa 2017” Beynəlxalq turizm sərgisi çərçivəsində məlumat kitabının təqdimatı keçiriləcək.

 

AZƏRTAC