Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada iclası keçiriləcək.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, Birgə Monitorinq Komitəsi toplantıya Liviya və Nigeriyanı da dəvət etmək niyyətindədir.

OPEC üzvü və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçirəcəklər.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.