Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov avqustun 25-də Qax Rayon Prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 19 vətəndaşın müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

Qəbul zamanı, həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.