“Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Avroliqanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

UEFA Avropa Liqasının ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, 2016-2017-ci il mövsümünün ən yaxşı oyunçusu İngiltərənin “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqba seçilib. O, komanda yoldaşları Zlatan İbrahimoviçi və Henrik Mxitaryanı qabaqlayıb.

Ən yaxşı oyunçular üçlüyünü ötən mövsüm Avroliqada çıxış etmiş 48 komandanın baş məşqçilərindən, o cümlədən Qurban Qurbanov (“Qarabağ”) və Roman Qriqorçukdan (“Qəbələ”) ibarət münsiflər heyəti, habelə UEFA-ya üzv olan 55 ölkənin idman jurnalistləri müəyyənləşdirib. Baş məşqçilər öz komandalarında oynayan futbolçularına səs verə bilməyiblər. Pol Poqba ən çox xal toplayaraq mükafatın sahibi olub.

Qeyd edək ki, ötən mövsüm Pol Poqba Avropa Liqasında 15 oyunda üç dəfə fərqlənib. Fransa yığmasının futbolçusu “Mançester Yunayted” və “Ayaks” (Hollandiya) komandaları arasında keçirilən Avroliqanın final görüşündə ilk qolu vurub.