Rusiya Federasiyasının Arxangelsk vilayətində nəşr edilən “Arxangelsk” ictimai-siyasi qəzetində “Ad gününüz mübarək, Birinci vitse-prezident!” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həsr olunub.
Mehriban xanım Əliyeva haqqında bioqrafik məlumatların yer aldığı yazıda qeyd edilir ki, o, tanınmış ziyalı ailəsində doğulub, orta məktəbi qızıl medalla, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu isə fərqlənmə diplomu ilə bitirib.
“Xoşməramlı səfir” bölməsində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği sahəsində Mehriban xanımın xidmətlərindən, onun milli mədəni irsin qorunub saxlanmasına və ölkənin şifahi xalq yaradıcılığının inkişafına yönələn fəaliyyətindən danışılır. Vurğulanır ki, məhz bu xidmətlərə görə ona 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adları verilib. Məhz bütün sahələrdə fədakar və genişmiqyaslı fəaliyyəti ona bu yüksək adları qazandırıb. “Burada həm sivilizasiyalararası dialoqa töhfə, həm qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitlərinin daha da yaxşılaşdırılması, həm təhsilin dəstəklənməsi, həm İslam dünyasında həyata keçirilən layihələrdə iştirak var”, – deyə məqalədə bildirilir. Xüsusilə vurğulanır ki, Mehriban xanım Əliyeva təkcə müasir Azərbaycanı deyil, həm də xalqın dərin tarixi və mədəni köklərini göstərmək, Azərbaycan incəsənətinin, ədəbiyyatının nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanlarından tam istifadə edir.
Yazıda ana, uşaq və ailənin sağlamlığının möhkəmləndirilməsi və qorunması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri xatırlanır, bu fəaliyyətinə görə onun Dünya Səhiyyə Təşkilatının mükafatı, 2010-cu ildə isə UNESCO-nun qızıl medalı ilə təltif edildiyi qeyd olunur.
Məqalədə Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətinə xüsusi yer ayrılır. Burada Fondun təkcə Azərbaycanda deyil, həm də xaricdə, o cümlədən Rusiyanın Arxangelsk, Volqoqrad, Ulyanovsk şəhərlərində reallaşdırdığı çoxsaylı sosial və mədəni layihələr xatırladılır.
Həmçinin məqalədə Mehriban Əliyevanın dəstəyi ilə keçirilən idman və mədəniyyət tədbirlərindən danışılır. Məsələn, bu ilin mayında Bakıda keçirilmiş, Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının böyük uğuru xatırlanır. Dünya ictimaiyyətinin diqqətini cəlb edən Formula-1 yarışı, 2012-ci ildə Bakıda yüksək səviyyədə təşkil edilmiş “Eurovision” mahnı müsabiqəsi də vurğulanır.
Məqalədə Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsinə Mehriban Əliyevanın sanballı töhfəsindən, Azərbaycan və Arxangelsk vilayəti arasında genişlənən əlaqələrdən danışılır. Rusiyanın bu regionunda Azərbaycan Ticarət Evinin və Heydər Əliyev adına Dostluq Mərkəzinin açılmasının planlaşdırıldığı bildirilir. Azərbaycanın Arxangelsk vilayətindəki diasporunun nümayəndələri
Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edərək ona cansağlığı, ailə səadəti, uğurlu və məhsuldar iş arzulayır, onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliklərini bildirirlər.