Rob Sobhani: Birinci vitse-prezident Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir.

Bunu Trend-ə “Caspian Group Holdings”in (ABŞ) baş direktoru Rob Sobhani deyib.
R.Sobhani qeyd edib ki, Mehriban Əliyevanın gördüyü ictimai işlər, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrində həyata keçirilən çoxsaylı layihələr göstərir ki, Mehriban xanımın çox böyük ürəyi var:
“Bununla yanaşı, o, xeyriyyəçilik işinin daha çox harada zəruri olduğunu dəqiq bilir: bu, Pakistanda məktəb və ya Vaşinqtonda məhdud imkanlı uşaqlar üçün məktəb ola bilər. İstər Pakistan olsun, istərsə də Amerika, Mehriban Əliyeva sübut etdi ki, böyük ürəyə sahibdir və onun xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir. ABŞ KİV-də Mehriban Əliyeva haqqında məqalə dərc etdiyim vaxtlarda – bir neçə həftə əvvəl mənə ABŞ fondlarından çoxlu zəng gəldi. Onlar Mehriban Əliyeva və Heydər Əliyev Fondu ilə əməkdaşlıq etmək istədiklərini bildirirdilər”.
O vurğulayıb ki, Mehriban Əliyeva sözdə deyil, əməldə xeyriyyəçiliklə məşğuldur: “Məhz bu keyfiyyət Mehriban xanımı unikal dövlət xadimi edir”.
R.Sobhaninin sözlərinə görə, Bakıda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, Mehriban Əliyeva uzaqgörən rəhbər və yaxşı təşkilatçıdır, belə irimiqyaslı tədbirin təşkili kimi işin öhdəsindən asanlıqla gələ bilər:
“Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi region və bütün dünyaya, xüsusilə də müsəlman dünyasına ismarıc idi ki, Azərbaycan iri tədbirləri keçirməyə hazırdır, qadirdir və ailəvi səyahət edə və özünü təhlükəsiz hiss edə biləcəyin ölkədir”.