Bakıda muay-tay və K-1 döyüş növü üzrə beynəlxalq turnirdə dörd ölkə təmsil olunacaq

Avqustun 28-də Bakıda muay-tay və K-1 döyüş növü üzrə beynəlxalq turnir start götürəcək. Sayca 20-ci dəfə təşkil olunacaq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Rusiya və Gürcüstan atletləri də mübarizə aparacaqlar. Turnirdə peşəkar döyüşçülər 7 çəki dərəcəsində yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, yarışla əlaqədar təşkil olunan mətbuat konfransında “Qartal” peşəkar idman klubunun direktoru Yaqub İbrahimov deyib: “Biz bu turniri yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycanın peşəkar və həvəskar döyüşçüləri İran, Rusiya və Gürcüstan idmançıları ilə yarışacaqlar. Məqsədimiz gənclərin idmanın bu növünə marağını daha da artırmaq və onun kütləviləşməsinə nail olmaqdır”.

Y.İbrahimov vurğulayıb ki, sentyabrın 22-24-də Bakıda muay-tay üzrə beynəlxalq Açıq Xəzər Dəniz Kuboku, daha sonra Gürcüstanda, oktyabrda isə Türkiyədə beynəlxalq turnirlər, noyabrda Belarusda Avropa çempionatı keçiriləcək. Azərbaycan idmançılarının bu turnirlərdə də iştirakı nəzərdə tutulub.

Mətbuat konfransında turnirə qatılan xarici ölkələrin nümayəndələri yarışın yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərindən və qonaqpərvərlikdən məmnunluqlarını bildiriblər. Azərbaycanın irimiqyaslı yarışlara uğurla ev sahibliyi etdiklərini vurğulayan qonaqlar ölkəmizin idmançılarının beynəlxalq arenalarda parlaq qələbələr qazandıqlarını diqqətə çatdırıblar.

Tədbirdə, idmanın bu növünün təbliği işinə fəal dəstəyinə görə AZƏRTAC-ın idman müxbiri Samirə Allahverdiyevaya təşəkkürnamə təqdim olunub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.