Yay turizmi yekunlaşsa da, ölkəyə turist axını hələ də davam edir. Hətta müqəddəs qurban bayramını da bəzi müsəlman ölkələrindən olan turistlər məhz Azərbaycanda keçirməyə üstünlük verir. Bununla əlaqədar tur paketlər hazırlanıb və paytaxtdakı otellərdə erkən rezervasiyalar edilib.

Astarainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, turizm şirkətləri artıq müsəlmanların müqəddəs bayramlarından biri sayılan qurban bayramı üçün tur paketlər hazırlayıblar. Bayrama 1 həftə qalmış turizmçilərin bu addımı atması ölkəyə daha çox turist cəlb etməyə hesablanıb. Azərbaycan turizm assosiasiyası da bəzi turizm şirkətlərinin bu işini yüksək qiymətləndirir.

Hətta indidən paytaxtda fəaliyyət göstərən otellərdə rezervasiyalar da edilib. Otaqları sifariş edən əcnəbi qonaqlar həm qrup şəklində, həm də fərdi surətdə onlayn müraciət ediblər. Otaqlar tur paketlərə uyğun olaraq 4-5 günlük, 1 həftəliik və ya 10 günlük sifariş edilib.

Bundan başqa otellər qurban bayramına xüsusi hazırlaşdıqlarını və müştərilər üçün müxtəlif şou proqramlar təşkil edəcəklərini vəd edirlər. Turistlər isə ölkəmizdə onlara göstərilən xidmətlərdən razı qaldıqlarını deyirlər

İstirahət üçün Azərbaycanı seçən turistlərin əksəriyyətinin müsəlman ölkələrindən olmaları da təsadüfi deyil. Başlıca səbəb dil, din və adət – ənənə oxşarlığı olsa da, əcnəbilərin əksəriyyəti ölkəmizdəki sabitliyi və təhlükəsizliyin onları daha çox qane etdiyini deyirlər.