Avqustun 28-də “AtaBank” ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan “UnionPay International” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS-terminallarında, emissiya etdiyi kartların sayına görə dünya lideri olan “UnionPay International” kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və “Çin Xalq Bankı” tərəfindən təsis edilmiş “UnionPay International” şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.

“UnionPay” dünyanın 162 ölkəsində xidmət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.