Azərbaycanda bu adlar MARAĞA SƏBƏB OLDU

“Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir”.

Astarainfo.az Sonxeber.az-a  istinadən  xəbər verir ki,  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, son zamanlar siyahıya çoxlu sayda yeni adlar daxil edilib:

“Bilirsiniz ki, ad yaradıcılığı daim inkişafdadır. Artıq valideynlər də axtarışdadır və yeni adlar kəşf etmək istəyirlər. Son zamanlar həm qız, həm də oğlan adlarında valideynlər daha çox türk mənşəli adlara üstünlük verir. Valideynlər qız övladlarına yeni adlardan daha çox İşılay, Gültən, Aylin, Ayla, Betül, Betülə, Aysu, Dəniz, Damla, Dəfnə, Dəfinə Dünya, Yağmur, Nihal, Səmral, Binnurə, Aybikə kimi adlar qoyurlar.

Oğlanlarda isə Tüqan, Alpər, Tuqay, Ərturan, Turab, Ümman, Ünalp kimi adlara üstünlük verilir. Alpər , Dəfinə, Tüqan, Tuqay kimi adlar bizdə ilk dəfə istifadə edilən adlardır. İşılay adı indiyə kimi qoyulmayıb. Müşahidələrimə əsasən deyə bilərəm ki, son dövrlər uşaqlara qoyulan adların çoxu türk mənşəlidir. Təbii ki, istisnalar var”.

Sədr müavini qeyd edib ki, övladına xarici adlar qoymaq üçün müraciət edənlər olmayıb:

“Müəyyən adlar var ki, valideynlər onu yaşatmaq istəyir. Əgər valideynin şəcərəsində bu adlar varsa, biz onun qarşısını ala bilmərik. Ancaq müəyyən adlar var ki, Avropa adları olsa da ortaqdır.

Məsələn, Məryəm, Elton adı həm Avropada, həm də bizdə var. Ancaq sırf yeni ingilis, alman və ya başqa xalqların adını övladına qoymaq istəyən yoxdur.Son dövrlər bununla bağlı müraciətlər də olmayıb. Tutaq ki, valideyn övladına İvan adı qoymaq istəyir. O, nəzərə almalıdır ki, hər bir xalqın öz ad sistemi var.

Xalqın kimliyi adlardan bilinir. Düzdür, bəzi müracitələrdə valideynlərin istəyi nəzərə alınır. Amma adların qoyulması ictimai hadisədir. Adlarda daha çox xalqın milliyi, kimliyi öz əksini tapdığına görə bu, önəmli prosesdir. Sevindirici haldır ki, artıq xalq öz kimliyini dərk edib və daha çox türk mənşəli adların qoyulmasına üstünlük verir”.