Bilik Fondu Masallı Cümə məscidinə kitablar hədiyyə edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki,dindarlar, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə təşkil olunan mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış edib. Sektor müdiri bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasına cavabdeh qurumlardan biri də Bilik Fondudur. Tədbirlər Planına müvafiq olaraq, məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunur.

Qeyd olunub ki, “Məscid kitabxanası” layihəsi çərçivəsində indiyədək Bilik Fondu tərəfindən 20-dən çox məscidə kitablar hədiyyə edilib. Bu kitablar dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr olunub.

Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov iki yüz ildən çox yaşı olan məscid binasının təmir olunub tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğunu, məscidin hər kəsin üzünə açıq olduğunu, dini ayin və mərasimlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.

Bilik Fondunun dini maarifləndirməyə xidmət edən layihələrini yüksək qiymətləndirən V.Mikayılov dəyərli hədiyyə üçün dindarlar adından Fondun rəhbərliyinə təşəkkürünü bildirib.

Bilik Fondunun məruzəçiləri – Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Adil Balıyev, Əməkdar Müəllim Hüseyn Şahbəndəyev, tanınmış filoloq, təhsil eksperti Şakir Paşayev vurğulayıblar ki, məscidlərə maarifçiliyi, insanların bədii zövq və biliklərini, dünyagörüşünü artıran kitabların hədiyyə edilməsi, “Məscid kitabxanası”nın yaradılması olduqca dəyərli ideyadır. Bu missiyanı uğurla yerinə yetirən Bilik Fondunun cənub bölgəsində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiqdir.

Sonda H.Abdulla Bilik Fondu adından mənəvi birliyin, mərhəmət, səxavətin, həmrəyliyin mücəssəməsi olan Qurban bayramı münasibətilə Masallı dindarlarını təbrik edib, hər bir ailəyə xeyir-bərəkət, xoşbəxtlik arzulayıb.