Avqustun 29-da səhər saatlarında Şimali Koreyanın buraxdığı raket Yaponiyanın Hokkaydo adasının üzərindən uçaraq Sakit okeana düşüb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya hökuməti bu raketin orta məsafəli ballistik raket olduğunu güman edir. Sakit okeana düşməzdən əvvəl raketin üç hissəyə bölündüyü bildirilir. Dağıntılar barədə məlumat verilmir.

Cənubi Koreya Silahlı Qüvvələrinin yaydığı məlumatda isə raketin 550 kilometr hündürlüyə qalxdığı və 2700 kilometr məsafəni qət etdiyi qeyd olunur. Bu, raketin Pxenyan beynəlxalq aeroportuna yaxın məsafədən buraxıldığını deməyə əsas verir.

Şimali Koreya ilə ABŞ arasında gərginlik Prezident Donald Trampın bu ölkə haqqında kəskin ritorikasından sonra daha da artıb. Bundan əlavə, hazırda ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirir. Ötən həftə başlayan təlimlərin avqustun 31-də başa çatacağı gözlənilir.

Bu, Şimali Koreyanın Yaponiya ərazisi üzərindən uçan beşinci sınaq raketidir.

Yaponiya hökuməti fövqəladə xəbərdarlıq yayaraq Hokkaydo sakinlərini etibarlı yerlərdə qorunmağa çağırıb.

Baş nazir Şinzo Abe bəyan edib ki, Şimali Koreyanın növbəti dəfə raket buraxması Yaponiyaya qarşı görünməmiş və çox ciddi təhdiddir. Baş nazir belə bir bəyanatla jurnalistlər qarşısında Milli Təhlükəsizlik Şurasının iclasından dərhal sonra çıxış edib.

Ş.Abe bildirib ki, raketin buraxılışı və uçuşu yapon hökuməti tərəfindən tam izlənilib. Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün tədbirlər görülüb.

Baş nazir əlavə edib ki, hökumət diplomatik kanallar vasitəsilə Pxenyana kəskin etirazını bildirib. Eyni zamanda, Yaponiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını xahiş edəcək və beynəlxalq ictimaiyyəti Şimali Koreyaya təzyiqləri artırmağa çağıracaq.

Ş.Abe onu da qeyd edib ki, yapon hökuməti ABŞ-Yaponiya ittifaqının gücündən istifadə edərək vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.