“Ağıllı” çanta hazırlanıb

“PAIX Design” startap şirkəti LED-ekran, eləcə də fotoaparat və videokamera quraşdırıla bilən “ağıllı” “Mexxenger” çantasını təqdim edib.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, çanta özündə maraqlı dizaynı və yüksək funksionallığı birləşdirir. Hələlik çanta üçün 3 əlavə əlçatandır. Gələcəkdə yeni əlavələrin olacağı qeyd olunur. Bunlardan birincisi, müxtəlif rənglərlə istifadəçinin əhvali-ruhiyyəsini əks etdirən fənərdir (Mood Torch). Fənər “PAIX app” mobil əlavəsinin köməyi ilə idarə olunur. İkincisi, foto və video çəkə bilən kameradır (Life Camera). Üçüncüsü isə maqnitin köməyi ilə çantaya bərkidilən, çanta smartfondan 3 metrdən çox məsafədə olduqda istifadəçini xəbərdar etmək imkanına malik “ağıllı” ekrandır. Bundan başqa, istehsalçılar qeyd edirlər ki, çantada simsiz enerji yükləməsi üçün xüsusi cib də mövcuddur.

Layihə artıq “Kickstarter” platformasında təxminən 85 min ABŞ dolları vəsait toplayıb.