Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə hazırkı dövrdə daha çox diqqət yetirilməlidir. Xüsusən qeyri-neft sektorunun inkişafına nail olmaq üçün prioritet vəzifələrdən biri də ənənəvi əkinçiliyə daha geniş yer verilməsidir.

Ölkə rəhbərinin bu tövsiyə və tapşırıqları Astara rayonunda yüksək səviyyədə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla, aparat sahənin işçiləri, kənd təsərrüfatı ilə məşğul olan aidiyyəti qurumların rəhbərləri və mütəxəssisləri mütəmadi olaraq yerlərdə olur, gündəlik işlərini tarlalardan başlayırlar. Yaz-tarla işlərinin qızğın vaxtında rayon rəhbərliyi tez-tez yerlərdə əkinçilərlə görüşlər keçirir, problemləri ilə maraqlanır, onları narahat edən məsələlərin operativ həllinə köməkılik göstərir.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində  yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. Faktlar sübut edir ki, çəltikçiliklə məşğul olmaq yerli əhalini ən böhranlı, çətin və uğursuz keçən illərdə aclıqdan xilas edib.

Düyü yeməkləri insan səhhəti və sağlamlığı üçün müstəsna əhəmiyyətə malikdir.  Məlum səbəblərdən rayonumuzda bu ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı uzun müddət diqqətdən kənarda qalıb. Son illər bu sahədə mövcud geriliklər aradan qaldırılır, rayon rəhbərliyi tərəfindən ənənəvi əkinçilik növlərinin inkişafına daha çox diqqət yetirilir. Əldə edilən nəticələr bunu sübut edir.

Rayonda fəaliyyət göstərən sahibkarlarla son illərdə keçirilən işgüzar görüşlərdə çəltikçiliyin inkişaf etdirilməsi üçün fermer və sahibkarlara müraciət edərək bununla bağlı onlara hər cür dəstək veriləcəyi bildirilib. İlk növbədə rayona əkin üçün əlverişli olan məhsuldar yüksək reproduksiyalı  çəltik  toxumu sortlarının gətirilməsi təmin edilib. Əsasən “Həsəni” ,  “Haşimi”  və “Sədri”  çəltik  toxum sortlarının gətirilməsinə üstünlük verildi. Bunun nəticəsində 2015-ci ildə cəmi 65 hektar çəltik əkildiyi halda 2016-cı ildə çəltik əkini əvvəlki illə müqayisədə iki dəfə artırılaraq 133 hektara, hazırda isə  450 hektara çatdırılmışdır. Çəltik biçini  Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos,  Şiyəkəran və digər ərazi icra nümayəndəliklərinin ərazisində aparılır.

Rayon rəhbərliyi tərəfindən  çəltik  istehsalı ilə məşğul olan  təsərrüfat sahiblərinin problemlərinin yerindəcə həll edilməsi və onları narahat edən məsələlər istiqamətində  ardıcıl və məqsədyönlü  işlərin aparılması nəticəsində gələcəkdə rayonda çəltik sahələrinin  min hektara çatdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar  gətirilir .

Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara çayı  və Pensər çayının keçməsi,  Lovayın  su anbarının  yenidən qurulması bunun üçün əlverişli şərait yaradır. Eyni zamanda ərazidə fəaliyyət göstərən çəltik dəyirmanlarının olması da maraqları bir növ stimullaşdırır. Çəltikçilik  çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat  arasındadır. Astara düyüsünü isə tapmaq çətindir. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün  bazarda yerli düyüyə tələbat böyükdür. Bundan əlavə bu sahədə çalışan insanlara dövlət tərəfindən böyük qayğı  və diqqət yetirilir. Çəltik əkininin  hər hektarına  nəzərdə tutulandan əlavə olaraq 50 manat yardımın verilməsi, məhsulun bütün növ vergilərdən azad olunması bunun bariz nümunəsidir.
Bölgəmizin brendi olan Astara düyüsünün geniş miqyasda təbliği ilə yanaşı, bu gəlirli əkin növünün ilbəil daha da artırılması üçün daim geniş izahat və maarifləndirmə işləri aparılır. İcra başçısı hörmətli Qəzənfər Ağayev  rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul və görüşlər keçirərkən digər mühüm məsələlərlə yanaşı, çəltikçiliyin çox gəlirli və faydalı olduğunu konkret faktlarla sübut edir, bu sahəyə geniş yer verilməsi barədə tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbərliyi tərəfindən yeni, məhsuldar və keyfiyyətli çəltik toxumlarının gətirilməsi üçün əkinçilərə əlverişli şərait yaradılıb.

Artıq bir neçə həftədir ki, rayonumuzda çəltik biçininə  başlanılmışdır.  Rayon rəhbərliyi tərəfindən fermer və sahibkarlara göstərilən diqqət və qayğı onların biçinlərini daha geniş və asan  şəkildə aparılmasına ruhlandırmışdır. Heç də təsadüfi deyil ki, əvvəlki illərə nisbətən çəltik əkinlərinə maraq xeyli artmışdır.

Çəltik biçini başlanan gündən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəxsən yerlərdə olur, fermer və sahibkarlarla görüşlər keçirir, çəltik biçininin  gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir, mövcud problemlərin aradan qaldırılması üçün konkret köməklik göstərir.

Avqustun 30-da İcra başçısı  Şiyəkəran kəndində Tələt Məmmədovun,  fermer təsərrüfatında olmuş, çəltik biçininin gedişi ilə maraqlanmış tövsiyə və tapşırıqlarını vermişdir.

Şiyəkəran kəndində Tələt Məmmədovun  çəltik sahəsində olarkən bir sıra yeniliklərin tətbiq edildiyinin şahidi olduq. Rayon rəhbərliyi tərəfindən göstərilən hər cür köməklik nəticəsində əl əməyi sərf olunmadan xaricdən gətirilən  texnika vasitəsilə biçin  aparılırdı.

Fermer Tələt Məmmədov məlumat vermişdir ki, bu il Şiyəkəranda 33 hektar ərazidə ən çox “haşimi” növü  olmaqla italyan appolla növü çəltik əkilib və hal-hazıra 7 hektar ərazidə biçin aparılıb. Bu il “haşimi” sortu 40 sentinerdən, italyan “apolla” növü 60-70 sentinerdən aşağı olmayan məhsuldarlıqla müşahidə olunub.

Müştəri sarıdan korluq çəkmədiklərini deyən T.Məmmədov yerli düyünün bazardakı qiymətinin də  məhsul istehsalçılarını qane etdiyini diqqətə çatdırıb. O bildirib ki, 25 avqustdan Şiyəkəran ərazisində başlayan biçinə yeni kombaynlar cəlb olunub. İtalyadan gətirilən yeni Laverda kombaynların özəllikləri ondan ibarətdir ki,  yalnız çəltik biçini üçün nəzərdə tutulmuş, heç bir itki olmadan məhsul yığımını həyata keçirir.

Onun sözlərinə görə, ötən il Astarada 133 hektar sahədə çəltik əkilmişdirsə, bu il 450 hektar sahədə əkin keçirilib. T.Məmmədov bildirib ki, hal-hazırda 450 hektar sahədə 331,75 hektar çəltik biçilib və hər hektardan məhsuldarlıq 40 sentner olmaqla 1358,35 ton məhsul istehsal edilib. Məhsul yığımı davam etdirilir. Cari mövsümdə ötən ildəkindən xeyli çox məhsul istehsal ediləcəyi gözlənilir.

Ölkə bazarlarında Astara düyüsünə yüksək tələbat olduğundan və bu məhsul maya dəyərindən xeyli baha satıldığından fermer və iş adamlarının digər kənd təsərrüfatı məhsullarından daha çox çəltik əkininə üstünlük verdikləri məlum olmuşdur. Sevindirici haldır ki, artıq xarici ölkə şirkətlərindən də Astara düyüsünün sifarişçiləri vardır. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.
Bir sözlə rayonda çəltik əkininin vaxtında keçirilməsi üçün hər yerdə əlverişli şərait yaradılıb. Biz harada olurduqsa, orada ruh yüksəkliyinin və işgüzarlığın şahidi olurduq. Bütün bunlar onu göstərir ki, rayonumuzda əhalinin ərzaq məhsulları ilə tam təmin olunması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, respublikamızda brend məhsul kimi tanınan Astara düyüsünün şöhrəti daha da artacaqdır.

Astarainfo.az