“İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında dayanıqlı həllinin təmin olunması üçün struktur danışıqlar prosesinin tərəfdarıdır”.

“Ölkə.Az”-ın məlumatına görə, bunu AzerNews-a və Trend-ə müsahibəsində İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təmin olunması üçün mandat ATƏT-in Minsk qrupuna verilib:

“İsveçrə bu formatın iştirakçısı olmasa da, biz Minsk qrupu həmsədrlərinin işini tam dəstəkləyirik və struktur danışıqlar prosesinin tərəfdarıyıq. İsveçrə dinc sakinlərə qarşı zorakılıq aktlarını və onların atəşə tutulmasını qətiyyətlə pisləyir”.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Avqustun 7-də isə Ermənistan hərbi hissələri Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini – 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

F.Stalder daha sonra müsahibəsinə davam edərək qeyd edib ki, ATƏT-in yeni baş katibi Tomas Qreminger keçmiş isveçrəli diplomatdır:

“İsveçrə sülh proseslərində hər zaman böyük rol oynayıb. Bu ölkədə çox sayda danışıqlar və görüşlər keçirilib”.

Səfir həmçinin əlavə edib ki, İsveçrə diplomatiyası vasitəçilikdə böyük təcrübəyə malikdir:

“İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirilib. Axırıncı belə görüş 2015-ci ilin dekabrında Berndə baş tutub”.