Dünya və Avropa çempionumuz Elxan Məmmədov mundialda ilk qələbəsini qazanıb YENİLƏNİB

Dünya və Avropa çempionumuz Elxan Məmmədov ilk görüşünü qələbə ilə başa vurub. “Böyük dəbilqə” turnirlərinin mükafatçısı kanadalı Kayl Reyesdən qızıl xalla üstün olan cüdoçumuz növbəti mərhələyə yüksəlib.

13:18

Qadınların mübarizəsində tatami üzərinə çıxan təmsilçimiz, “Bakı-2017”nin gümüş mükafatçısı İrina Kindzerska ilk görüşünü qələbə ilə başa vurub. O, toqolu idmançı Essoxanam Korosu məğlub edərək növbəti mərhələyə adlayıb. Bu mərhələdə qadın cüdoçumuz 2015-ci ildə Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin ikinci

si, litvalı Santa Pakenyte ilə üz-üzə gələcək.

Kişilərin 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri isə ilk qarşılaşmasında braziliyalı Rafael Silvaya məğlub olaraq çempionatda mübarizəni dayandırıb.

10:13

Macarıstanda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, mundialın altıncı günündə 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində kişi, 78 kiloqramdan yuxarı çəkidə qadın cüdoçular yarışacaq.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Kişi cüdoçuların yarışında Azərbaycanı təmsil edəcək Rio Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) ilk görüşündə Otqonbatar Lxaqvasuren (Monqolustan) – Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibi ilə güləşəcək.

Digər idmançımız dünya və Avropa çempionumuz, “Bakı-2017″nin qalibi Elxan Məmmədov (100 kq) isə ilk cəhdində Luis Medina (Dominikan Respublikası) – Kayl Reyes (Kanada) görüşünün qalibi ilə qarşılaşacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Avropa kubokunun və qitə çempionatının mükafatçısı Uşanqi Kokauri isə braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində tatami üzərinə çıxacaq təmsilçimiz – “Bakı-2017″də ikinci yeri tutmuş İrina Kindzerska toqolu idmançı Essoxanam Koros ilə qüvvəsini sınayacaq.

İlk görüşlər Bakı vaxtilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında yeddinci yerdə qərarlaşıb. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə ediblər.

Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparır. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə iştirak edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədir və yarışları izləyir.